AZ

Kan News: İsrail Qəzzada Türkiyənin iştirakına çəcburən razılıq verəcək...

Beynəlxalq sülhməramlı mexanizmlərin formalaşdırılmasında çətinliklər Təl-Əvivi strateji dilemma qarşısında qoyur...

Poliqon xəbər verir ki, İsrail Qəzzada Türkiyənin mümkün iştirakına qarşı uzun müddətdir tutduğu sərt mövqeyi yumşaltmaq məcburiyyətində qala bilər. Kan News telekanalının yüksək rütbəli israilli rəsmilərə istinadla yaydığı məlumata görə, beynəlxalq qüvvələr Qəzzada təhlükəsizliyin və sabitliyin təmin olunması üçün yetərli sayda ölkəni prosesə cəlb etməkdə ciddi çətinliklərlə üzləşir.

Mənbələrin bildirdiyinə görə, hazırkı mərhələdə Türkiyə Qəzzada sülhün qorunması və təhlükəsizlik mexanizmlərinin qurulmasında əhəmiyyətli rol üzərinə götürməyə açıq şəkildə hazır olduğunu nümayiş etdirən yeganə ölkədir. Bu isə İsrail üçün mürəkkəb strateji vəziyyət yaradır. Belə ki, Təl-Əviv uzun illər ərzində Türkiyənin Qəzza zolağında hər hansı təhlükəsizlik və ya sülhməramlı formatda iştirakını “qırmızı xətt” kimi qiymətləndirib.

Kan News qeyd edir ki, alternativlərin məhdudluğu və beynəlxalq tərəfdaşların prosesə qoşulmaq istəksizliyi fonunda İsrail hakimiyyəti prioritetlərini yenidən gözdən keçirməli ola bilər. Rəsmilərin fikrincə, əsas dilemma ondan ibarətdir ki, bir tərəfdən Türkiyənin bölgədəki siyasi təsiri və HƏMAS-la münasibətləri İsrail üçün risk kimi qiymətləndirilir, digər tərəfdən isə Qəzzada uzunmüddətli sabitliyin təmin edilməsi üçün real və icra edilə bilən mexanizmlər demək olar ki, tükənib.

Məlumatda vurğulanır ki, hazırda İsrail daxilində bu mövzu ilə bağlı müzakirələr intensivləşib və qərarverici dairələr mümkün ssenariləri dəyərləndirir. Bu ssenarilər arasında Türkiyənin rolunun ciddi məhdudiyyətlərlə və beynəlxalq nəzarət mexanizmləri ilə çərçivələnməsi variantı da nəzərdən keçirilir.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr