AZ

Haqq dünyasında ürəkdən ürəyə gedən yol... NEKROLOQ

ain.az bildirir, Moderator.az portalına istinadən.

İbrahimin qəfil ölümü xəbəri yaxınlarına işıq sürəti ilə yayıldı. Xəbər məni ildırım kimi vurdu... Qardaşı İlhama “İbrahim rəhmətə getdi” ölüm xəbərinə təkrar sualım da inana bilmədim bir xəbəri dəqiqləşdirmək üçün idi. Mən inana bilmədim, guya kim inanırdı ki?! 

Bir əsrin ekvatorunu yenicə keçmişdi. Dünyada orta ömür müddətinin 83 il olduğu bir çağda 57 yaş nədir ki... Sağlam həyat tərzi, dik duruşu və gözəl vücudu ilə ölümü yaxına buraxılmayan təəsuratı var idi. Ölüm bu tezlikdə ona tərəf gələn nəsnə deyildi. Amma gəldi və qəfil götürüb apardı. Xəbərsiz və sorğu-sualsız... Danışmağa, dərdləşməyə macal da vermədi. Məhkəmədə hakim heç olmasa müttəhimə son söz verir. Son sözün demədən getdi İbrahim... 

Əfqanıstan da hərbi xidmət keçmişdi. Sədərək döyüşlərində seçildiyi üçün mükafatlandırılmışdı. O dövrdə “Sportrota” adlanan xüsusi təyinatlıların daşlı-kəsəkli yollarından keçmişdi. Hüquq-mühafizə orqanlarında işləmişdi. Hərbçi zabitəsi və döyüşçü zəhmi onu hələ də tərk etməmişdi. Özünü tam olaraq mülki cəmiyyətdən daha çox hərbi həyata aid edirdi. Xarakterində zabit ötkəmliyi hələ də qalmışdı. Bütün bunlara baxmayaraq yaşlılara, qocalara və uşaqlara içdən gələn bir mərhəməti var idi. 

Mən yeniyetmə vaxtlarımda onun karate dərslərinə gedirdim. Onun bir məşqçi olaraq sərt intizamına və güzəştsiz idman təlimlərinə dözmək asan deyildi. Özünə qarşı da eləcə tələbkar idi. Ona bu məsələlərdə qohumluq münasibətləri keçməzdi. Bir hərbçi kimi Suvorovun “təlimdə tər tökməyən əsgər döyüşdə qan tökər” aforizimini dərk etmişdi.  

Aramızda yaş fərqinin 4 il olmasına baxmayaraq nədənsə onunla münasibətə yaşlı bir insanla qohumluq əlaqəsi kimi baxırdım. Özünə ev tikən zaman qardaşımla ona qohum olaraq kömək edirdik. Yumruqları ilə kərpicləri qırıb tikilən evin bünövrəsinə qoyurdu. Biz yeniyetmə düşünücəmizlə onun belə cəsarətli hərəkətinə həm gülürdük, həm də onun bu cür cəsur hərəkətlərini gizli bir heyranlıqla seyr ediridik. 

Məhrum atası Sabir kirvə ilə çox yaxşı və səmimi zarafatlar edirdi. O şirin zarafatlarının içində bir səmimiyyət bolluğu var idi. Ütüsüz danışırdı, mərdi-mərdanə sözün deyirdi... Bu onun xarakterinin gözçarpan məziyyətləri idi.

Üzərindən 10 illiklər keçdi. Həyatımızın istiqamətləri dəyişdi. Hamımız ailə-uşaq sahibi olduq. Oturuşduq, təmkinimiz emosiyalarımızı üstələdi. Keçmişin yükü ilə yanaşı, həm də onunla qarşılıqlı hörmət çərçivəsində insanı münasibətlərimiz davam etdi. Qarşılıqlı sayğı və hörmət həddini heç vaxt aşmadıq. Artıq yaş və həyat fərqliliyimiz bizləri ayırmadı.

Sonuncu görüşümüz mənim imza günü ilə bağlı keçirilən kitab təqdimatımda oldu. Kitabları əldə edərək bir az kənara çəkilərək sakit və qayğılı duruşu ilə bir az diqqətimi çəkmişdi... Döyüşdə hamıya meydan oxuyan cəsarətli bu insan lazım olanda yeri gələndə mütəvazi olmağı da bacarırdı. Döyüşdə qılıncdan, məclisdə sözdən istifadənin yerini bilirdi İbrahim...

Görüşəndə “sənin savadından faydala bilmirik” deyə gileydolu fikir deyirdi. Mən də cavabımda rəhmətliyə “sənin qəhrəmanlığından da biz faydala bilmirik” cavabımı əvəzsiz buraxmırdım. Mən bilməzdim ki, bu qədər qəhrəmanlıq etmiş bir insanın qəhrəmanlıqdan danışmağımıza heç vaxtı qalmayacaq.  

İçi dolu adam idi... Onurğalı insan idi. Çətinliklərini dilə gətirməyən, sızlamağı yaxına buraxmayan və giley-güzarı xoşlamayan qürurlu bir insan idi. Nə bilək, bəlkə ürəyin boşaldılması ürəyi daha sağlam saxlayır, bilmirik... Ürəklə dialoq qurulanda ürəyə gedən toksidləri azaltmaq olur. Ürəyin sözünə qulaq asanda ürək də sənə “ürək sözlərin” deyir. Ürəkli olub, ürəyi dinləməyəndə ürəyin də sənə münasibəti ona etdiyin laqeydliyi edir. 

Qırx mərasimində ruhun yenə bizimlə olacaq. Mərasim yerin də bəlli. Dəfn olunduğun yerdə məlum. Atanın yanında... 

Atan da sənin sol tərəfində - yenə ürəyinin yanında... Axı, sən də ürəkdən getdin axı... “Ürəkdən-ürəyə yol varmış” deyimi təkcə haqq dünyada yox, həm də haqq dünyasında da keçərli imiş...

Ruhun şad olsun, İbrahim! 

Məmməd Talıblı, Ovqat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
moderator.az

4Mənbələr