ain.az, Xalqcebhesi saytına istinadən bildirir.
“Suriyada “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə hökumət qüvvələri arasında baş verən son toqquşmalar gözlənilən idi”.
Bunu politoloq Oqtay Qasımov Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, mart ayında Suriya prezidenti ilə SDQ rəhbəri arasında imzalanmış anlaşmaya görə, SDQ qüvvələri Suriya ordusuna inteqrasiya etməli və mərkəzi hökumətə tabe olmalı idilər: “O zamandan bəri bir çox ekspertlər bu məsələyə ehtiyatlı yanaşır və SDQ-nin bu addımı atmayacağına dair proqnozlar verirdilər. SDQ üzərində yalnız ABŞ deyil, həm də İsrailin təsiri nəzərə alınmalıdır. Son dövrlərdə müşahidə olunanlar göstərir ki, SDQ müəyyən dərəcədə hökumətin nəzarətindən çıxmış və mərkəzi qüvvələrə qarşı qarşıdurma sərgiləməyə başlamışdır. Son hücumlar da məhz bu vəziyyətlə bağlıdır. Əvvəlki dövrlərdə də müxtəlif bölgələrdə belə addımların şahidi olmuşuq. Hökumət qüvvələri Türkiyənin də dəstəyi ilə SDQ-yə qarşı sərt tədbirlər görəcək. Eyni zamanda, Türkiyənin məsələ ilə bağlı həssas yanaşdığını və prezident, xarici işlər naziri səviyyəsində konkret açıqlamalar verdiyini vurğulayıb. ABŞ Suriya və Türkiyədəki səfirləri vasitəsilə bu məsələdə vasitəçilik rolu oynayır və hökumət ilə SDQ arasında müəyyən uzlaşmanın əldə olunmasında maraqlıdır. Lakin burada əsas faktor İsraildir. İsrail SDQ-nin tamamilə Suriya hökumətinə tabe olmasını istəmir və Suriyada mərkəzləşdirilmiş güclü dövlətin mövcudluğuna maraqlı deyil.Suriya məsələsi İran məsələləri ilə birlikdə Vaşinqtonda müzakirə olunacaq. Bu prosesdə ABŞ, İsrail və Türkiyənin mövqelərinin nəzərə alınması vacibdir. Amerika tərəfi Türkiyənin maraqlarını nəzərə almalı, onun üçün zərərli addımlardan çəkinməlidir, çünki Türkiyə ABŞ üçün strateji əhəmiyyət kəsb edən ölkələrdən biridir.
Günel Elxan
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.