Peskovun Dmitrievin Mayamidən gətirdiyi sənədlərin məzmununun açıqlanmasının “düzgün olmadığını” deməsi, əslində bu təmasların sırf diplomatik protokol çərçivəsindən kənarda aparıldığını açıq şəkildə göstərir.
Rəsmi danışıqlarda tərəflər adətən ən azı ümumi çərçivəni, mövzuları və məqsədləri ictimaiyyətə təqdim edirlər. Burada isə qeyri-müəyyənlik qəsdən saxlanılır. Bu, gətirilən sənədlərin hüquqi yox, siyasi və strateji xarakter daşıdığını, daha çox mövqe kağızları, şərti təklif paketləri, mümkün kompromis ssenariləri və gələcək razılaşmalar üçün “işçi materiallar” olduğunu deməyə əsas verir. Belə sənədlər açıqlandığı halda həm Vaşinqton, həm də Moskva üçün daxili və xarici siyasi risqlər yarada bilər.
Mayami faktorunun özü də diqqət çəkir. Bu şəhər rəsmi diplomatiya mərkəzi deyil, daha çox biznes, maliyyə və qeyri-rəsmi siyasi təmaslar üçün uyğun platformadır. Bu da görüşlərin klassik dövlətlərarası formatdan çox, arxa kanal diplomatiyası və paralel danışıqlar xarakteri daşıdığını göstərir. Belə kanallar adətən tərəflərin rəsmi mövqelərini “sərt” formada elan etmədən, ictimai rəyə hesab vermədən qarşı tərəfin real niyyətlərini yoxlamaq üçün istifadə olunur.
Ukrayna müharibəsi fonunda ABŞ və Rusiyanın öz məsələlərini paralel şəkildə həll etməsi ehtimalı kifayət qədər güclüdür. Tarix göstərir ki, böyük güclər lokal müharibələri nadir hallarda yalnız həmin ölkə və ya region kontekstində həll edirlər. Münaqişə çox vaxt daha geniş razılaşmalar üçün alətə çevrilir. Ukrayna məsələsi də bu baxımdan istisna deyil. ABŞ üçün əsas məqsəd Rusiyanın tam məğlubiyyətindən çox, onu idarə olunan və proqnozlaşdırıla bilən aktor kimi saxlamaq, eyni zamanda Çinlə qlobal rəqabətdə strateji balansı qorumaqdır. Rusiya üçün isə müharibənin davam etməsi ilə paralel olaraq sanksiya təzyiqinin azaldılması, iqtisadi nəfəs alma imkanlarının yaradılması və beynəlxalq maliyyə sistemində tam təcriddən qaçmaq həyati əhəmiyyət daşıyır.
Kirill Dmitriyevin prosesdə ön plana çıxması bu danışıqların mahiyyətini daha da aydınlaşdırır. O, klassik xarici işlər xətti ilə yetişmiş diplomat deyil, maliyyə, investisiya və qlobal kapital axınlarını yaxşı bilən fiqurdur. Bu isə göstərir ki, masada yalnız hərbi və siyasi mövzular yox, sanksiyalar rejimi, dondurulmuş Rusiya aktivləri, enerji bazarlarında sabitlik, gələcək investisiya mexanizmləri və maliyyə risqlərinin azaldılması kimi məsələlər də var. Bu tip mövzuların müzakirəsi üçün Dmitriyev kimi fiqur Lavrov tipli diplomatdan daha uyğun sayılır.
Avropa və Ukraynanın danışıqlardan kənarda saxlanması da məntiq zəncirinin bir hissəsidir. Avropa İttifaqı bu müharibədə əsas iqtisadi və sosial yükü daşıyan tərəflərdən biridir, lakin ABŞ-Rusiya qlobal razılaşmaları kontekstində onun manevr imkanları məhduddur. Ukrayna isə bu prosesdə subyekt olmaqdan çox, razılaşmaların nəticələrinə uyğunlaşmalı olan tərəf rolunda qalır. Bu, Ukraynanın gələcək təhlükəsizlik arxitekturasının belə Kiyev yox, daha çox Vaşinqton və Moskva arasında müəyyənləşdirilməsi ehtimalını gücləndirir.
Nəticə etibarilə, Dmitriyevin Mayamidən gətirdiyi sənədlər konkret “sülh müqaviləsi” deyil, daha çox ABŞ və Rusiyanın qarşılıqlı maraqlarını uzlaşdırmağa yönəlmiş geniş strateji paketlərin elementləri kimi qiymətləndirilə bilər. Sülh danışıqları görüntüsü altında gedən proses əslində iki böyük gücün bir-biri ilə münasibətlərini yeni reallıqlara uyğun şəkildə tənzimləmək cəhdidir. Ukrayna müharibəsi bu prosesin mərkəzində dayansa da, onun taleyi artıq təkbaşına Ukraynanın deyil, daha böyük geosiyasi balansın tərkib hissəsinə çevrilib.
Akif NƏSİRLİ