AZ

Azərbaycanda əczaçılıq sənayesində qarşıda duran əsas vəzifələr müzakirə edilib - YENİLƏNİB

Azərbaycanda əczaçılıq sənayesində qarşıda duran əsas vəzifə yerli istehsalın genişləndirilməsi, rəqabət qabiliyyətinin artırılması və xaricdən asılılığın azaldılmasıdır.

"Cebheinfo.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr Azərbaycanda əczaçılıq sənayesinin perspektivlərinin müzakirəsi məqsədilə keçirilən görüş zamanı bildirilib.

Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov, müvafiq dövlət qurumları və dərman vasitələrinin istehsalı ilə məşğul olan özəl sektorun nümayəndələri iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi və əlverişli biznes mühitinin yaradılması qeyri-neft sənayesinin, o cümlədən əczaçılıq sənayesinin inkişafına şərait yaradır. Əczaçılıq sənayesində reallaşdırılan addımlar, həyata keçirilən investisiya layihələri və yerli istehsalın təşkili ölkəmizin dərman təminatının gücləndirilməsinə xidmət edir.

Əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı rəqabətqabiliyyətli məhsul istehsalı və emal müəssisələrinin yaradılması üçün bütün imkanlara malikdir. Əczaçılıq sənayesinə son illərdə ciddi investisiya cəlb edilib. Təkcə Pirallahı Sənaye Parkında investisiya portfeli təxminən 130 milyon manatdır. Burada bir sıra şirkətlər, o cümlədən "Diamed Co", "R-Pharm" müxtəlif növ dərman vasitələri və tibbi ləvazimatların istehsalını həyata keçirir, "Falck", "Supreme Pharmatech" və digərləri isə istehsal planlaşdırır.

Sənaye parklarından kənarda da bu sahədə genişmiqyaslı layihələr icra edilir. "Scandens Pharmaceutical Industries LTD" tərəfindən inşa olunmuş, dövlət başçısının iştirakı ilə bu ilin noyabrında açılışı həyata keçirilmiş yeni zavod müasir texnologiyalarla istehsal potensialını artırır. Ələt azad iqtisadi zonasında həyata keçirilən "BioPharmax" layihəsi Azərbaycanda müxtəlif tibbi məhsulların istehsalının genişləndirilməsini nəzərdə tutur.

Bildirilib ki, əczaçılıq sənayesində mövcud və tikilməkdə olan müəssisələr üzrə ümumi investisiyaların həcmi 265 milyon manatdan çoxdur.

Tədbirdə əczaçılıq sahəsində aktual məsələlərə dair müzakirələr aparılıb.

15:17

Əczaçılıq sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi üçün strateji əhəmiyyət kəsb edir.

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, dövlət qurumları və özəl sektorun nümayəndələrinin iştirakı ilə Azərbaycanda bu sahənin perspektivləri müzakirə edilib: "Əczaçılıq sənayesində reallaşdırılan addımlar, həyata keçirilən investisiya layihələri və yerli istehsalın genişləndirilməsi ölkəmizin dərman təminatının gücləndirilməsinə xidmət edir".

"Cebheinfo.az"

Seçilən
12
8
cebheinfo.az

10Mənbələr