AZ

İllərlə istifadə edilən inşaat materialına qadağa -  Nəticəsi necə olacaq?

Azərbaycanda asbestin istifadəsi yaxın gələcəkdə qadağan ediləcək. Bu barədə qanun layihəsi Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədən çıxarılacaq.

Asbestin qadağan edilməsi tikinti sektoruna necə təsir göstərəcək?

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən tikinti və əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bu qadağanın tikinti sektoruna ciddi mənfi təsiri gözlənilmir.:

“Əslində, asbestin istifadəsi, istehsalı, tərkibində olan maddələr və onun Azərbaycana gətirilməsi ilə bağlı son bir ilə yaxındır müxtəlif fikirlər səsləndirilir, müzakirələr aparılır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Avropa ölkələrində artıq 10 ildən çoxdur bu materialın istifadəsinə müəyyən qadağalar tətbiq edilib. Çünki asbest orqanizm üçün təhlükəlidir və əsasən onkoloji xəstəliklərə səbəb olur”.

Elnur Azadov qeyd edib ki, Azərbaycanda artıq 10 ildən çoxdur asbest tərkibli inşaat materiallarının istehsalı həyata keçirilmir:

“Azərbaycanda isə artıq 10 ildən, hətta ondan da uzun müddətdir ki, asbest tərkibli inşaat materiallarının istehsalı həyata keçirilmir. Xaricdən asbestin gətirilməsi də bir o qədər əlverişli deyil. Bunun səbəbi alternativ inşaat materiallarının kifayət qədər çox olması və asbestin ucuz material hesab edilməməsidir. Hazırda müasir və daha ucuz əvəzedici materiallar mövcuddur.

Ölkəmizdə asbest əsasən şifer istehsalında, həmçinin kanalizasiya borularında istifadə olunurdu. Lakin kanalizasiya boruları artıq daha müasir polietilen və plastik tərkibli materiallarla əvəzlənməyə başlayıb. Böyük diametrli borularda isə qismən beton borulardan istifadə edilir.

Şiferə gəldikdə isə Azərbaycanda dam örtüyü bazarı kifayət qədər geniş olsa da, şifer materialının ağır olması, daşınmasının çətinliyi və qiymətinin digər alternativlərlə müqayisədə uyğun olmaması səbəbindən bu materialdan istifadə hazırda demək olar ki, yoxdur”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
30
2
yenisabah.az

3Mənbələr