AZ

Dəniz nəqliyyatı Bakıda tıxaclara alternativ – Haradan hara gəmi ilə gedə bilərik?

Xəbər verdiyimiz kimi, 2026-cı ildən etibarən Xəzəryanı şəhərləri birləşdirəcək dəniz kruizlərinin təşkili nəzərdə tutulur. Bu marşrut üzrə səfərlər həyata keçirəcək Rusiyaya məxsus "Nikolay Jarkov" adlı teploxodun gələn ildən naviqasiyaya başlaması planlaşdırılır. Turizm üzrə mütəxəssislər hesab edirlər ki, bu layihə Azərbaycanda turizmin inkişafına əhəmiyyətli töhfə verəcək.

Məlum olduğu kimi, Bakıda ciddi tıxac problemi mövcuddur və bu səbəbdən vətəndaşların daha rahat hərəkətini təmin etmək məqsədilə bir sıra layihələr həyata keçirilir. Avtobus və metrodan istifadənin təşviqi ilə yanaşı, multimodal səfər imkanlarının genişləndirilməsinə də xüsusi diqqət yetirilir. Bu yanaşma sərnişinlərin bir səfər çərçivəsində bir neçə nəqliyyat növündən rahat şəkildə istifadə etməsinə şərait yaradır. Nəticədə səfər vaxtı və xərclər optimallaşır, şəhərdaxili tıxaclar azalır.

Nəqliyyat qovşaqlarının yaradıldığı və şaxələndirilmiş nəqliyyat sisteminin formalaşdırıldığı bir dövrdə Xəzər dənizi sahillərində sərnişin daşıyan gəmilərin fəaliyyətə başlaması da gündəmdədir.

Bu mövzuda Day.Az-a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, ümumilikdə Xəzəryanı şəhərləri birləşdirəcək dəniz kruizlərinin fəaliyyəti ilə bağlı addım çox doğru təşəbbüsdür.

"Hər halda buna ehtiyac var. Ən azı turistik baxımdan belə bir layihə cəlbedici ola bilər. Doğrudur, sürət göstəricilərinə görə bu nəqliyyat növü bu gün üçün bütün gözləntiləri tam qarşılamaya bilər. Keçmişdə, sovet dövründə Bakıdan Lənkəran və digər istiqamətlərə bu tip əlaqələr mövcud olub. Lakin layihəyə sırf kruz və ya dəniz nəqliyyatı formatında yanaşsaq, bu, kifayət qədər uğurlu və perspektivli ideyadır. Bu halda sərnişin həm dincəlir, həm əylənir, həm də müəyyən marşrut üzrə səfər edir, yolboyu dayanacaqlarda ərazini gəzib yenidən qayıtmaq imkanı əldə edir. Xüsusilə layihənin bütün Xəzər regionunu əhatə etməsi halında bu, daha geniş turizm potensialı yarada bilər."

Raqif Raufoğlu deyib ki, məsələ təkcə turizmlə məhdudlaşmır.

Bakı şəhəri daxilində də bu nəqliyyat növünə real ehtiyac var. Məsələn, Zığ istiqamətindən Bayıl tərəfə alternativ dəniz marşrutunun təşkili test variantı kimi yoxlanıla bilər. Çünki Zığ, Əhmədli, Hövsan və ətraf ərazilərdə yaşayan sakinlər üçün Bayraq Meydanı istiqamətinə hərəkət, xüsusilə axşam saatlarında, kifayət qədər çətin və vaxt aparan prosesdir. Bəzən bu məsafəni qət etmək bir saat yarımdan iki saata qədər vaxt aparır. Belə bir alternativ marşrutun mövcudluğu, eyni zamanda yaxınlıqda yaxşı təşkil olunmuş park və dayanacaq infrastrukturu ilə dəstəklənsə, insanlar şəxsi avtomobillərini saxlayaraq dəniz nəqliyyatından istifadə edə bilərlər. Bu isə həm vaxt itkisinin qarşısını alar, həm də şəhərin ümumi nəqliyyat yükünü azaldar. Ən azı bir marşrut üzrə pilot layihə kimi sınaqdan keçirilməsi məqsədəuyğun olardı."

Ekspert bildirib ki, dünyanın bir neçə ölkəsində belə bir təcrübə var.

"Bəzən düşünülür ki, bu nəqliyyat növünə tələbat olmayacaq. Lakin beynəlxalq təcrübə, xüsusilə İstanbul nümunəsi göstərir ki, dəniz nəqliyyatı yalnız turistik deyil, gündəlik işə gedib-gələnlər üçün də effektiv vasitəyə çevrilə bilər. İnsanlar alternativləri müqayisə edərək, iki saatlıq quru yoluna qarşı yarım saatlıq dəniz səfərini üstün tuturlar. Əlbəttə, Bakının küləkli və bəzən qeyri-sabit hava şəraiti kimi amillər mövcuddur. Lakin bu cür şərtlər digər şəhərlərdə də var və layihənin tamamilə bu səbəbdən kənara qoyulması düzgün olmaz. Burada əsas məsələ xərclərin düzgün hesablanması və liman infrastrukturunun uyğun şəkildə planlaşdırılmasıdır. Bu şərtlər təmin olunarsa, dəniz nəqliyyatının Bakı daxilində ən azı test mərhələsində tətbiqi real və işlək variant kimi qiymətləndirilə bilər."

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
39
day.az

1Mənbələr