ABŞ-nin bu addımı NATO-nun cənub cinahında Türkiyənin hərbi çəkisini və regional liderliyini necə dəyişəcək?
Bəllidir ki, qardaş ölkə bizim 1 nömrəli hərbi-strateji müttəfiqimizdir. Odur ki, sual yaranır: Türkiyəyə qarşı qadağanın götürülməsi Azərbaycana hansı dividentlər vəd edir?

Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Burada Türkiyəyə qarşı sanksiyaların götürülməsi məsələsi gündəmdədir. ABŞ Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirmək istəyir, NATO da eyni şəkildə. Avropanın təhlükəsizliyi məsələsi gündəmə gəldikdə Avropa Türkiyəyə möhtac olduğunu etiraf edir. Britaniya, Almaniya və Fransa Türkiyəni Rusiyaya qarşı Avropanın yanında görmək istəyirlər. ABŞ da Qara dənizin və Avropanın müdafiəsində Türkiyəni yanında görmək istəyir.
Digər tərəfdən isə Türkiyəyə qarşı sanksiyalar tətbiq edirlər, texnologiya paylaşmırlar, silah satmırlar, Türkiyənin hərbi gücünün möhkəmlənməsinə icazə vermək istəmirlər. İstəyirlər ki, bu güc zəifləsin. Bunu aradan qaldırmaq üçün Türkiyə aldığını geri qaytarır və bunun əvəzinə ABŞ Türkiyəni yenidən F-35 proqramına daxil edir. Türkiyə burada zəif qaldığı tərəfləri həll etməyə çalışır: həm öz istehsalını inkişaf etdirir, həm də xaricdən aldığı qırıcı təyyarələrlə yaranan boşluğu doldurur. Amma istənilən halda Türkiyənin F-35 proqramına qoşulmağı böyük üstünlükdür.
Əlbəttə, Türkiyənin güclənməsi bəzi dövlətləri narahat edir. Məsələn, Yunanıstan, İsrail və s.
Türkiyənin bu cür güclənməsi, NATO ilə əməkdaşlığın dərinləşməsi, daha güclü hava məkanına və müdafiə sisteminə sahib olması deməkdir. Əlbəttə ki, Azərbaycan üçün alternativ olaraq bu, Azərbaycanın müdafiəsinin artması deməkdir. Həm Şuşa Bəyannaməsinə görə, həm də digər müqavilələrə əsasən, Türkiyə və Azərbaycan hərbi sahədə müttəfiqdirlər. Faktiki olaraq bir-birinə kömək və müdafiə etmək öhdəliyi daşıyırlar. Türkiyənin müqavimətinin artması həm də Azərbaycanın müqavimətinin artması deməkdir".
Zeynəb Mustafazadə