AZ

Ermənistan Rusiya ilə DANIŞIQLARA BAŞLADI – Paşinyandan İLK AÇIQLAMA

Ermənistan hökuməti Rusiya tərəfinin konsessiya idarəçiliyində olan bəzi dəmir yolu sahələrini geri götürməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, məsələ dekabrın 5-də Rusiya Prezidenti Vladimir Putinlə keçirilən ayrıca görüşdə müzakirə olunub. Paşinyan qeyd edib ki, Ermənistan ilkin mərhələdə Tavuş vilayətində İcevan stansiyasınadək dəmir yolunun, Ermənistan–Azərbaycan sərhədindən Yerax istiqamətində olan sahənin, eləcə də Türkiyə–Ermənistan sərhədindən Axurik stansiyasınadək uzanan hissənin bərpasını vacib hesab edir.

Baş nazir bildirib ki, rəsmi İrəvan bu işlərin mümkün qədər tez Rusiya tərəfi tərəfindən həyata keçiriləcəyinə ümid edir. Lakin hər hansı maneə və ya çətinlik yaranacağı təqdirdə, Ermənistan hökuməti həmin sahələri Rusiya konsessiya idarəçiliyindən geri götürərək dövlət vəsaiti hesabına bərpa etməyə hazırdır.

“Əgər aydın olsa ki, Rusiya Federasiyasının bu sahələrin lazımi şəkildə bərpası ilə bağlı problemləri var və ya bunu mümkün hesab etmirsə, hökumətimiz həmin dəmir yolu sahələrini geri götürməyə və öz vəsaitimiz hesabına bərpa etməyə hazırdır”, – deyə Paşinyan vurğulayıb.

Ermənistanın baş naziri əlavə edib ki, Putinlə danışıqların gündəliyi onun mətbuat xidməti tərəfindən açıqlanıb. Görüş zamanı Cənubi Qafqazda baş verən ümumilikdə müsbət proseslər, eləcə də bu proseslərin Ermənistan–Rusiya münasibətləri və Avrasiya İqtisadi İttifaqı üçün aça biləcəyi imkanlar müzakirə olunub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
29
1
konkret.az

2Mənbələr