AZ

Yuxu rejimində pozuntu hipertoniyanın riskini 71 faiz artırır

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Alimlər yuxu rejiminin pozulmasının – hətta cəmi bir saatlıq gecikmə və ya irəliləmənin belə – arterial hipertoniyanın yaranma riskini ciddi şəkildə artırdığını müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, Scripps Research İnstitutunun apardığı araşdırmanın nəticələri "Journal of Medical Internet Research" jurnalında dərc olunub.

Tədqiqatda təxminən 400 yetkin şəxs iştirak edib. Onlar iki ilə yaxın müddət ərzində ağıllı fitnes cihazları vasitəsilə yuxu göstəricilərini qeydə alıb, eyni zamanda tibbi anketləri doldurublar. Uzunmüddətli müşahidə alimlərə insanların gündəlik həyatında çox vaxt fərqinə varmadığı sabit və ya qeyri-sabit yuxu vərdişlərini müəyyən etməyə imkan verib.

Məlum olub ki, yuxuya getmə və oyanma saatları gecədən-gecəyə dəyişən şəxslərdə yuxu apnoesi riski iki dəfədən çox artır. Yuxu apnoesi nəfəsin qısa müddətli dayanması ilə müşayiət olunan və beyinə oksigenin azalmasına, ürək ritminin pozulmasına səbəb olan təhlükəli vəziyyətdir.

Araşdırmaya görə, yuxu rejiminin qeyri-müntəzəm olması arterial təzyiqin yüksəlməsi ehtimalını da 71 faiz artırır. Alimlər bildiriblər ki, burada əsas rol oynayan faktor yuxunun ümumi müddəti deyil, məhz yuxu saatlarının sabit olmamasıdır.

Mütəxəssislər qeyd edirlər ki, qeyri-müntəzəm yuxu ürək-damar sistemində gizli problemlərin göstəricisi ola bilər. Onların fikrincə, ağıllı cihazlardan əldə edilən məlumatlar gələcəkdə hipertoniyanın və yuxu zamanı tənəffüs pozuntularının erkən aşkarlanması üçün istifadə oluna bilər. Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, aşkar edilən əlaqə müşahidə xarakterlidir və birbaşa səbəb-nəticə münasibətini tam sübut etmək üçün əlavə klinik araşdırmalara ehtiyac var.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
redaktor.az

2Mənbələr