Son günlərdə insan orqanlarının qanunsuz ticarəti ilə bağlı növbəti hadisə dünya mediasının diqqətini çəkib. Ukrayna vətəndaşı olan qadın 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanda insan böyrəklərini qanunsuz şəkildə alaraq “qara bazar”da satıb. Qadın beş il beynəlxalq axtarışda olub və Polşada təsadüfən aşkar edilərək saxlanılıb. Qazaxıstan məhkəməsi 35 yaşlı qadını qiyabi olaraq 12 il həbs cəzasına məhkum edib.
Azərbaycan hüquq-mühafizə orqanları da zaman-zaman “orqan mafiyası”nın fəaliyyətinə qarşı əməliyyatlar aparır, həbslər həyata keçirir. Qlobal səviyyədə insan orqanlarının ticarəti trilyonlarla dollarlıq dövriyyəyə malikdir və qurbanları milyonlarla insan hesab olunur. Belə halların baş verməsi insanların həyat tərzi, sağlamlıq problemləri və tibbi infrastrukturla da bağlıdır. Həkimlərin fikrincə, müasir dövrdə orqan çatışmazlığı artıq yalnız tibbi yox, həm də həyat tərzi və sağlamlıq davranışları ilə bağlı problem kimi üzə çıxır.
Azərbaycanda orqan transplantasiyası sahəsində son illərdə mühüm dəyişikliklər baş verib. Yeni qanunların qəbulu, tibbi infrastrukturun inkişafı və xarici təcrübənin tətbiqi bu sahədə əhəmiyyətli irəliləyişlər təmin edib. Xüsusilə 2020-ci ildə qəbul olunmuş “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun hüquqi bazanın formalaşması və bu sahədə şəffaflığın təmin olunması baxımından mühüm addım olub.

Məsələ ilə bağlı hüquqşünas professor Vüsal Əliyev NOCOMMENT.az-a bildirib ki, insan orqanlarının qanunsuz ticarəti yalnız cinayət xarakteri daşımaqla kifayətlənmir, həm də hüquqi boşluqlar və icra mexanizmlərinin tam səmərəli olmaması nəticəsində genişlənir:
“Ölkədə qanunvericilik artıq donor və transplantasiya prosedurlarını ciddi şəkildə tənzimləyir, lakin beynəlxalq koordinasiya, sərhədlərarası nəzarət və informasiya mübadiləsi sahəsində hələ boşluqlar mövcuddur. Bu səbəbdən hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə yanaşı, beynəlxalq əməkdaşlıq və sərhədlərarası məlumat mübadiləsi bu sahədə qlobal miqyasda nəticə vermək üçün vacibdir”.
Hüquqşünas qeyd edib ki, insan orqanlarının qanunsuz ticarəti qlobal və yerli səviyyədə ciddi problem olaraq qalır:
“Azərbaycanda qanunvericilik və tibbi infrastrukturun inkişafı mühüm addım olsa da, beynəlxalq əməkdaşlıq, sərhədlərarası nəzarət və maarifləndirmə tədbirləri olmadan bu sahədə qlobal miqyaslı problemin həlli mümkün deyil. Hüquqi mexanizmlərin təkmilləşdirilməsi, sərhədlərarası koordinasiyanın gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi həm qurbanların qorunmasına, həm də qanunsuz ticarətin qarşısının alınmasına xidmət edəcək”.

Məsələnin tibbi tərəfini saytımıza şərh edən professor Adil Qeybulla isə qeyd edib ki, insan orqanlarının çatışmazlığı və donor ehtiyacının artması həm tibbi, həm də sosial səbəblərlə bağlıdır:
“Müasir həyat tərzi, düzgün qidalanmama, stress və xroniki xəstəliklər böyrək və digər orqan çatışmazlığının əsas səbəbləridir. Donor çatışmazlığı və qanunsuz bazarın mövcudluğu hələ də böyük problem olaraq qalır. Əhalinin donor haqqında məlumatlandırılması, maarifləndirilməsi və sağlam həyat tərzinin təşviqi bu sahədə əsas tədbirlərdən biridir”.