Yasamalda çoxmərtəbəli binada baş verən yanğında ölən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova Yeni ilin ilk günlərini də xəstəxanada keçirəcək.
Redaktor.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə ailənin yaxını, jurnalist Xəyalə Rəis deyib.
O bildirib ki, Ləman hazırda tədricən toparlanma mərhələsindədir:
“Son günlərdə vəziyyətində müəyyən müsbət irəliləyişlər müşahidə olunsa da, onun sağlamlığının tam bərpa olunduğunu demək üçün hələ tezdir. Ləmanın hazırkı durumu və müalicə prosesi ilə bağlı daha ətraflı və rəsmi məlumatı Yeni Klinikadan əldə etmək mümkündür. Yeni ilin ilk günlərini də Ləman Yeni Klinikada keçirəcək”.
X.Rəis onu da qeyd edib ki, Ləman Qulamova hələ də anasının vəfat etdiyini bilmir:
“Biz isə böyük ümid və həyəcanla Ləmanın tam sağalıb yenidən aramıza qayıdacağı günü gözləyirik. 2025-ci il həm Ləman, həm də bizim üçün ağır və faciəvi hadisələrlə yadda qaldı. Buna baxmayaraq, ümidimizi itirmir, onun tezliklə sağlamlığına qovuşacağına inanırıq və bu çətin yolda ona mənəvi dəstəyimizi davam etdiririk”.
Xatırladaq ki, noyabrın 21-də Yasamaldakı yanğın zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.