AZ

“Yazdığım kitablar keçdiyim yolların salnaməsidir”

Yazını böyüt
Yazını kiçilt

Söz hər bir millətin yaddaşı, mətbuat isə onun danışan qəlbidir. Azərbaycan mətbuatı bu il 150 illik şanlı yolunu tamamlayır. Bu, həm də yüzillərlə sözə xidmət edən insanların zəhmət salnaməsidir. Bu salnamədə Naxçıvan mətbuatının öz yeri və öz imzası var. Uzun illər Naxçıvan mətbuatında çalışmış, jurnalistika sahəsində zəngin təcrübəyə sahib olan Əməkdar jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-publisist, Prezident mükafatçısı Hüseyn Əsgərov yenə də yorulmadan qələmin müqəddəs vəzifəsinə xidmət edir: yazır-yaradır və bu yaradıcılıq onun gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Suya, havaya ehtiyacı olduğu kimi, yazmağa da təşnə olan qələm sahibi  söz xəzinəsindən incilərini bir-bir xırdalayır.

“Yazdığım kitablar keçdiyim yolların salnaməsidir”, - deyən Hüseyn Əsgərov bu dəfə oxucuları ilə görüşə  “Mədinənin bəlalı məhəbbəti” adlanan yeni kitabı ilə gəlib. Kitabda yazıçının ayrı-ayrı vaxtlarda dövri mətbuata verdiyi müsahibələr, yeni yaradıcılıq məhsulu olan hekayələri, publisistik yazıları, tərcümələri, həyat lövhələri, hətta lətifələri də  yer alıb. Fəal vətəndaşlıq mövqeyi, cəmiyyət hadisələrinə aydın və cəsarətli münasibəti yazıçının yeni kitabında da bariz təcəssüm olunur. Ənənə, yoxsa mafiyanın cazibəli tələsi kimi günümüzün aktual mövzularından biri olan toy və yas mərasimlərinə öz münasibətini bildirən yazıçı əsas hədəfi olan kiçik məmurların obrazlarının böyük ədəbi uğurların açarı olduğunu publisistik yazıları ilə bir daha təsdiqləyib. Bu kitab da müəllifin digər kitabları kimi, axıcı dili, maraqlı üslubu ilə seçilir.

Göründüyü kimi, Hüseyn Əsgərov  fikir və düşüncələrini  kitablarında bioqrafik janrda əks etdirməyə üstünlük verən yazarlardandır. Burada gülüş də var, qəm də, sevgi də var, qəzəb də. Şən zarafat notları içərisində gizlənmiş nifrət də var, xüsusən bürokratizmlə rastlaşdığımız neqativ hallara nifrət də var. Müəllif bu neqativ halları, cəmiyyətin inkişafına təsir göstərən nöqsanları elə səmimiyyətlə tənqid atəşinə tutur ki, bir anlığa düşünürsən: budur, qərəzsiz tənqid, budur, jurnalist operativliyi, peşəyə məsuliyyət hissi... Öz təbirincə desək, vicdandan kənar hisslər daşıyan insanın jurnalistikada yeri yoxdur.

Uzun illər Naxçıvan MR-nin mühüm dövlət strukturlarında çalışan, bu qurumlarda da sevdiyi peşəsinin ləyaqətli təmsilçisi olan Hüseyn Əsgərov hazırda  MR-nin  Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışır, yenə də öz peşəsinin sadiq əsgəri kimi fəaliyyət göstərir. Hələlik, sonuncu olan   “Mədinənin bəlalı məhəbbəti” kitabı isə onun yaradıcılıq fəaliyyətinin 40 illik dövrü üçün daha bir hesabatdır. Yeni kitabının işıq üzü görməsi münasibətilə Hüseyn Əsgərovu təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Seçilən
23
hafta.az

1Mənbələr