ABŞ tərəfi Rusiya prezidenti Vladimir Putinlə o dövrdəki ABŞ prezidenti Corc Buş arasında 2001-ci ildə aparılmış danışıqların stenoqramlarını məxfilikdən çıxarıb.
Sənədlərdən məlum olur ki, Ukraynada müharibə başlamazdan xeyli əvvəl Putin ABŞ-ı xəbərdar edərək Moskvanın Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxacağını bildirib.
Onun sözlərinə görə, Ukraynanın Alyansa qoşulması ölkə daxilində parçalanmaya səbəb ola bilər, çünki bu məsələyə fərqli baxışları olan çoxlu insan var.
Putin həmçinin Buşa Ukraynanın “süni şəkildə yaradılmış dövlət” olduğunu deyib və ABŞ-ın SSRİ-nin dağılmasına razılıq verməsini “görünməmiş hadisə” adlandırıb.
“Əslində nə baş verdi? Sovetlərin xoş niyyəti dünyanı dəyişdi. Rusiya könüllü şəkildə minlərlə kvadrat kilometr ərazidən imtina etdi. Bu, eşidilməmiş haldır”, – deyə Putin Ukrayna, Qazaxıstan və Qafqazı partiya rəhbərlərinin qərarı ilə Rusiyanın imtina etdiyi ərazilər kimi qeyd edib.
2001-ci ilə aid stenoqramlarda Putin NATO-nun genişlənməsi səbəbindən Rusiyanın özünü “kənarda qalmış” hiss etdiyini bildirib və SSRİ-nin 1954-cü ildə NATO-ya üzvlük üçün müraciət etdiyini xatırladıb.
“Rusiya da ABŞ kimi çoxmillətli ölkədir. Ola bilsin ki, Rusiya müttəfiq ola bilərdi”, – deyə o, ABŞ prezidenti ilə qapalı görüşdə bildirib.
Musavat.com



