“1 il öncə AZAL təyyarəsinin Rusiya ərazisində vurulması iki ölkə arasındakı münasibətlərə kifayət qədər mənfi təsir etdi. Azərbaycan Moskvadan müvafiq addımların atılmasını gözlədiyi halda, Kreml bu addımları atmadı”.
Bu sözləri “Yeni Sabah”a politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, hadisədən sonr Rusiya beynəlxalq hüququn tələblərindən boyun qaçırıb:
“Rəsmi Bakı Rusiyanın məsuliyyəti öz üzərinə götürməyi, üzrxahlıq etməyi, bu əməli törədənlərin istintaq yolu ilə tapılmasını və onlara hüquqi qiymət verilməsini tələb etdi. Moskva bu haqlı tələblərə uzun müddət susqunluqla cavab verdi. Kreml hadisələri yumşaltmaq əvəzinə, daha da gərginləşdirmək yolunu seçdi. Bu kontekstdə Azərbaycanın media məkanına olan kiberhücumları, deputat Azər Badamovun Rusiyadan deportasiya edilməsini, Azərbaycan diasporuna qarşı aparılan kütləvi repressiya dalğasını nəzərdə tuturuq”.
Siyasi şərhçi vurğulayıb ki, Vladimir Putinin oktyabrın 10-da Düşənbədə verdiyi açıqlamadan sonra ortada ciddi heç nə yoxdur:
“Doğrudur, hadisə baş verdikdən dərhal sonra Rusiyada istintaq qrupu yaradıldı və proses başlandı. Həm beynəlxalq aviasiya konvensiyalarına, həm də Rusiya qanunvericiliyinə görə, istintaq 1 il müddətində başa çatmalı idi. Moskvadan zaman-zaman verilən mesajlar ondan ibarət idi ki, qanunvericiliyə uyğun olaraq, ilin sonuna doğru istintaqın nəticələri açıqlanacaq və müvafiq tədbirlər görüləcək.
Bununla bağlı ən son rəsmi mövqeyi oktyabrın 10-da Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin keçirdiyi görüş zamanı Putinin dilindən eşitdik. O həmin vaxt hadisəyə görə Azərbaycandan üzr istədi və kompensasiyaların ödənilməsi ilə bağlı tədbirlərin görüləcəyini vəd etdi. Eyni zamanda, Rusiya Prezident bildirdi ki, istintaq aparılır və bu istintaq birbaşa nəzarətindədir. Təəssüf ki, verilən vəd elə vəd olaraq qaldı. Hələlik hansısa rəsmi açıqlamanın şahidi olmamışıq”.
O. Qasımov qeyd edib ki, Bakı və Moskva arasında münasibətlərin növbəti mərhələsi istintaqın nəticəsindən birbaşa asılıdır:
“Əlbəttə, bundan sonrakı münasibətlərin hansı səviyyədə olması Rusiyanın atacağı addımlara uyğun olacaq. Əgər Moskva doğrudan da istintaqı şəffaf və obyektiv aparacaqsa, bu hadisənin törədilməsində məsul olan şəxslər aşkarlanacaqsa, onların əməllərinə hüquqi qiymət veriləcəksə və onlar öz cəzalarını alacaqlarsa, bu Azərbaycan və Rusiya arasında son 1 ildə yaranmış soyuqluğun aradan götürülməsi üçün ciddi bir addım olardı. Yox, əgər ənənəvi davranış davam edəcəksə və Rusiya tərəfi öz üzərinə düşəni etməyəcəksə, şübhəsiz ki, münasibətlərin soyuqluğu davam edəcək. Bu isə tərəflərin marağına heç bir halda uyğun deyil”.
Xatırlatma: 2024-cü il dekabrın 25-də Bakıdan Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznıya hərəkət edən Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarə qəzaya uğramazdan öncə Qroznı hava limanına təcili eniş etmək istəsə də, yerə enə bilməyib. Faciə nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin baxış zamanı təyyarənin gövdəsində çoxsaylı deşiklər və ciddi zədələr aşkar edilib. Bu fakt hadisənin sırf texniki nasazlıqdan qaynaqlanmadığı ehtimalını gücləndirib. Qəza ilə bağlı həm Azərbaycanda, həm də Qazaxıstanda cinayət işi açılıb.
Bütün bunlara baxmayaraq, Rusiya tərəfi məsuliyyəti açıq şəkildə üzərinə götürməyib. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı bu hadisənin dəqiq və obyektiv araşdırılmasını, habelə məsul şəxslərin cəzalandırılmasını tələb edir.
Nazim Hacıyev
Telegram kanalımız