Premyer Liqaya qayıtmağa can atan "Səbail"in qış hazırlıq planı müəyyənləşib.
Bu barədə Fanat.Az-a komandanın baş məşqçisi Adil Şükürov məlumat verib.
I Liqada çıxış edən Bakı təmsilçisi 12 günlük istirahətə buraxılıb:
"Futbolçular fasiləyə buraxıldılar. Yanvarın 6-da Bakıda bir araya gələcəyik. On günlük ilkin çalışmaların ardından yoxlama oyunları keçirəcəyik. Üç sınaq matçı planlaşdırmışıq: yanvarın 16-na, 22-nə və 28-nə. Rəqiblərin kimliyi ilə bağlı danışıqlar davam edir, tezliklə müəyyənləşdirəcəyik".
Təcrübəli mütəxəssis heyətdə dəyişikliklərin olacağını da anons edib:
"Təbii ki, heyətdə müəyyən dəyişikliklər olacaq. Komandadan ayrılan futbolçular da olacaq, yeni gələnlər də. Detalları rəhbərliklə qarşıdakı günlərdə müzakirə edib qərarımızı verəcəyik. Qarşıya Premyer Liqaya vəsiqə qazanmaq hədəfi qoyulub. Məqsədimizə çatmağa kömək edə biləcək futbolçular cəlb edəcəyi. Mövsümün ikinci yarısına bütün gücümüzlə səfərbər olacağıq".
Qeyd edək ki, "Səbail" 12 turdan sonra 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Mirağa