AZ

Əməkdar artist: Film faciə qurbanlarının xatirəsini yaşatmaq məqsədi daşıyır

Bakı, 25 dekabr, Fidan Əlizadə, AZƏRTAC

Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının birinci ildönümü münasibətilə süni intellekt texnologiyaları vasitəsilə “Səma qurbanları” qısametrajlı filmi hazırlanıb. Bu ekran işi faciə qurbanlarının əziz xatirəsinə ithaf edilib. Filmdə Milli qəhrəmanlarımız İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyeva, həmçinin sağ qalan ekipaj üzvləri Aydan Rəhimli və Zülfiqar Əsədovun görüntüləri yer alıb. Ekran işinin çəkilişi ilə bağlı qərar təxminən bir ay əvvəl verilib.

Bunu AZƏRTAC-a açıqlamasında layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva söyləyib.

Onun sözlərinə görə, Babək Sübhaninin rejissorluq etdiyi filmdə qəza anı vizual formada əks olunub.

Faciənin ağrısının illər keçsə də unudulmayacağını diqqətə çatdıran Əməkdar artist deyib: “Səma qurbanları” filmi faciə qurbanlarının xatirəsini yaşatmaq məqsədi daşıyır. Montaj prosesində psixoloji cəhətdən sarsıldıq və faciənin miqyasını bir daha dərindən anladıq. Ekran əsəri faciə qurbanlarının ailə üzvlərinə də dərin təsir bağışlayıb. Filmin ssenari müəllifi Fariz Əliyev, məsləhətçisi Xanoğlan Ağamoğlanlıdır. Filmin səsləndirilməsi aktyor Vüsal Murtuzəliyevə həvalə olunub”.

Seçilən
63
azertag.az

1Mənbələr