Prezident İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi haqqında sərəncamı Azərbaycanın postmünaqişə dövründə inkişaf strategiyasında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Bu qərar xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları baxımından böyük əhəmiyyət daşıyır və həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərinin yeni, daha sistemli mərhələyə qədəm qoyduğunu göstərir.
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, işğaldan azad edilmiş ərazilər uzun illər məqsədli şəkildə dağıdılmış, şəhər və kəndlər tamamilə yararsız vəziyyətə salınmışdı:
“Buna görə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi sadəcə infrastrukturun bərpası deyil, müasir şəhərsalma prinsiplərinə əsaslanan kompleks yenidənqurma modelidir. Son illərdə bu bölgədə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, alternativ enerji mənbələrindən istifadə, ekoloji tarazlığın qorunması bu yanaşmanın əsas göstəriciləridir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması bu proseslərin daha məqsədyönlü və planlı şəkildə davam etdirilməsinə zəmin yaradır”.
Politoloq deyib ki, Qarabağ və Şərqi Zəngəzurda şəhərsalma təkcə yaşayış binalarının inşası ilə məhdudlaşmır:
“Burada yol-nəqliyyat infrastrukturu, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri, mədəniyyət ocaqları, həmçinin istehsal və xidmət sahələrinin yaradılması paralel şəkildə həyata keçirilir. Bütün bu komponentlərin vahid konsepsiya çərçivəsində inkişaf etdirilməsi regionun dayanıqlı sosial-iqtisadi dirçəlişinə xidmət edir. “Şəhərsalma və Memarlıq ili” bu koordinasiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Eyni zamanda, memarlıq aspekti milli-mədəni irsin qorunması baxımından ön plandadır. Qarabağ memarlıq məktəbinin bərpası, tarixi və dini abidələrin özünəməxsus üslubda yenidən qurulması və müasir memarlıq elementləri ilə vəhdətinin yaradılması bölgənin tarixi kimliyinin yaşadılmasına imkan verir. Bu yanaşma Qarabağın yalnız fiziki deyil, həm də mənəvi baxımdan bərpasını təmin edir.
Süleyman