AZ

Dövlət borcu üzərində fransızsayağı idarəetmə

Paris olimpinin ödəncləri 3,482 trilyon avroya yüksəlib

Müasir Avropa siyasətində dövlət borcu anlayışı artıq siyasi idarəetmənin keyfiyyətini, institutların qərarvermə qabiliyyətini və ölkənin gələcəyini müəyyən edən əsas indikatorlardan birinə çevrilib. Fransanın açıqlanan fiskal göstəriciləri bu reallığı daha aydın şəkildə ortaya qoyur. Söhbət birdəfəlik büdcə pozuntusu və ya fövqəladə vəziyyətin yaratdığı müvəqqəti maliyyə yükündən getmir. Uzun illər yığılıb qalmış struktur məsuliyyətsizliyindən və onun indi açıq böhran formasında üzə çıxmasından gedir.

Bu günlərdə Fransanın dövlət borcunun 3,482 trilyon avroya yüksəldiyi açıqlanıb. Ölkənin Milli statistika qurumu bu barədə məlumat yayıb. Qeyd olunub ki, sözügedən göstərici ÜDM-in 117,4 faizinə bərabərdir və müharibə, pandemiya kimi fövqəladə dövrlər istisna olmaqla qeydə alınmış ən yüksək göstəricidir. Açıqlanan rəqəmlər, əslində, Fransanın öz maliyyə imkanları üzərində nəzarətinin hansı mərhələyə gəlib çatdığını bir daha göstərir.

Borcun bu həddə nə üçün çatdığını anlamaq üçün məsələni daha dərindən təhlil etmək lazımdır. İlk növbədə vurğulanmalıdır ki, cəmi üç ay ərzində borcun 65,9 milyard avro artması problemin struktur xarakter daşıdığından xəbər verir. Qeydə alınan artım nə müharibə xərcləri, nə enerji, nə də strateji investisiya dalğası ilə izah oluna bilər. Əksinə, bu dinamika göstərir ki, Fransa artıq gündəlik fəaliyyətini belə öz gəlirləri hesabına maliyyələşdirə bilmir. Vəziyyət parlamentdə gedən proseslərdə daha aydın şəkildə özünü büruzə verir. Çünki parlament daxilində dövlət büdcəsi ilə bağlı müzakirələr texniki çərçivədən çıxaraq siyasi əhəmiyyət kəsb etməyə başlayıb. Daha dəqiq desək, büdcə artıq kompromis sənədindən çox ideoloji qarşıdurma alətinə çevrilib. Sağ və sol siyasi qütblər fiskal reallıqla sosial vədlər arasında balans nöqtəsi tapa bilmirlər. Yeri gəlmişkən, dövlət büdcəsi haqqında qanun layihəsi üzrə kompromis tapmaq məqsədilə yaradılmış birgə parlament komitəsinin nəticəsiz qalması da institusional böhranın bariz nümunəsidir. Görünür, ölkədə parlamentarizmin qərarvermə funksiyası zəifləyib. Mövcud vəziyyətin ən açıq siyasi etirafı isə baş nazir Sebastian Lekornu tərəfindən səsləndirildi. Onun il bitmədən dövlət büdcəsinin qəbul olunmayacağı barədə açıqlaması Fransada idarəetmə mexanizminin böhranı idarə etmək gücündə olmadığını bir daha təsdiqlədi. Yəni vəziyyət o qədər ciddidir ki, büdcə qəbul olunmadan ilin başa çatması artıq yeni normaya çevrilmək üzrədir.

ARAYIŞ: Fransada 1975-ci ildən sonra qəbul edilən bütün büdcələr kəsirlə olub ki, bu da fiskal məsuliyyətsizliyin institusionallaşması ilə əlaqədardır. Dövlət, yerli hakimiyyət orqanları və sosial təminat sistemi uzun illər topladıqlarından daha çox xərcləyir və bu fərq borclanma hesabına bağlanır. Ən problemli məqam isə borclanmanın məqsədidir. Borcdan, sadəcə, infrastruktur və ya uzunmüddətli investisiya üçün istifadə olunmur. Hətta sosial ödənişlər, transfer mexanizmləri və inzibati xərclər də borc hesabına davam etdirilir.

Fransa özünü uzun illər Avropada sosial dövlət modelinin əsas nümunələrindən biri kimi təqdim edib. Lakin mövcud fiskal göstəricilər bu modelin gəlir bazası ilə uyğunlaşmadığını göstərir. Sosial öhdəliklər siyasi baxımdan toxunulmaz elan edildikcə, fiskal reallıq ikinci plana keçir. Əvvəllər bu ziddiyyət uzun müddət borclanma vasitəsilə gizlədilirdi. Lakin borcun yüksək həddə çatması artıq köhnə strategiyanın işləmədiyini sübut edir. Analitiklərin bazar böhranı ehtimalını istisna etməməsi də məhz bu səbəbdəndir. Nəzərə alsaq ki, rəsmi Paris Avropa İttifaqının əsas siyasi və iqtisadi sütunlarından biri hesab olunur, onun fiskal böhranını, sadəcə, milli məsələ kimi qiymətləndirmək olmaz. Büdcə böhranı və borcun idarə olunmaması Aİ-nin bütövlükdə fiskal arxitekturasına təsir göstərir. Brüsselin fiskal intizam çağırışları fonunda Fransanın büdcəsiz qalması qurumun da fəaliyyətinə kölgə salır. Yaranmış vəziyyət Avropada “ikiqat standart” ittihamlarını gücləndirir və ümumi maliyyə nizamına olan inamı sarsıdır.

Daha bir vacib məqam ondan ibarətdir ki, Fransanın dövlət borcu problemi konkret hökumətin taleyi ilə məhdudlaşmır. Sadə şəkildə izah etsək, Lekornunun kabineti istefa versə belə, borc qalacaq. Çünki problem əvvəldə də qeyd etdiyimiz kimi, struktur xarakterlidir. Onu sosial prioritetləri yenidən qiymətləndirmək və fiskal reallığın qəbulu ilə həll etmək mümkündür. Hazırkı mənzərə göstərir ki, Fransa hələ bu mərhələyə çatmayıb. Büdcənin ilin sonuna qədər qəbul olunmamasına gəldikdə isə, görünür, dövlət öz maliyyə gələcəyinə dair qərar verməkdən yayınır.

Mövcud vəziyyət göstərir ki, Fransa artıq seçim mərhələsinə çatıb. Ya borcun idarə olunmasını siyasi prioritetə çevirərək zəruri qərarlar qəbul ediləcək, ya da problem növbəti hökumətlərin üzərinə ötürülərək daha da böyüyəcək. Doğrudur, hər iki yolun siyasi əhəmiyyəti var. Lakin ikinci yolun iqtisadi və institusional məsuliyyəti daha ağırdır. Büdcənin qəbul olunmaması, borcun artması və siyasi kompromissizliyin davam etməsi Fransa dövlətinin idarəolunan böhrandan daimi qeyri-müəyyənlik mərhələsinə keçdiyini göstərir. Bu mərhələdə risk artıq siyasi sistemin öz-özünü bloklamasıdır. Fransa üçün əsas təhlükə borcun özü yox, onun yaratdığı siyasi narahatlıqdır. Bu vəziyyət dəyişmədikcə, heç bir büdcə sənədi problemi kökündən həll edə bilməz.

Yeganə HACIYEVA,
politoloq

Fransada dövlət borcunun ÜDM-in 117 faizini keçməsi ölkənin iqtisadi gündəminin əsas mövzularındandır. Bu göstərici hələlik birbaşa böhran ssenarisi yaratmasa da, borcun idarə olunması fonunda ciddi siyasi və institusional problemlər formalaşdırır. Əsas risk onun ətrafında yaranan siyasi qeyri-müəyyənlik və qərarların davamlı gecikdirilməsidir. Büdcə qəbulunun uzanması, aydın fiskal strategiyanın olmaması və parlamentdə konsensus çatışmazlığı maliyyə bazarlarında narahatlıq yaradır, investor etimadını zəiflədir. Qərarların düzgün qəbul edilməməsi dövlətin daxili və xarici öhdəliklərini planlaşdırmasını çətinləşdirir, borclanmanı artırır və sosial-iqtisadi proqramlarda qeyri-müəyyənlik yaradır. Siyasi kompromisin mümkünsüzlüyü islahatların iflicinə, iqtisadi risklərin dərinləşməsinə və radikal qüvvələrin mövqelərinin güclənməsinə yol açır. Parlamentdə davam edən qarşıdurmalar struktur islahatlarının həyata keçirilməsini, faktiki olaraq, bloklayıb. Hökumət böyük və şaxələndirilmiş iqtisadiyyat, güclü vergi bazası və Avropa Mərkəzi Bankının dəstəyini əsas arqument kimi göstərsə də, siyasi qeyri-sabitlik və investor etimadının azalması borclanma xərclərini kəskin artıra bilər.

Makron hakimiyyəti üçün xarakterik olan sosial xərclərin optimallaşdırılması, subsidiyaların azaldılması və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması kimi qeyri-populyar, lakin zəruri addımlar davamlı olaraq təxirə salınır. Bu isə onsuz da gərgin olan iqtisadi və siyasi vəziyyəti daha da ağırlaşdırır. Cəmiyyətdə narazılıq və etiraz əhvali-ruhiyyəsi artır, hökumətin manevr imkanları daralır, borcun artım tempinə nəzarət çətinləşir. Mövcud tendensiyalar dəyişmədiyi təqdirdə dövlət borcu Fransanın iqtisadi və siyasi həyatına uzunmüddətli təzyiq göstərməkdə davam edəcək. Borcun xidmətinə yönələn vəsaitlərin artması sosial sahələrə investisiya imkanlarını azaldacaq, beynəlxalq maliyyə bazarlarında ölkənin mövqeyini risk altına salacaq.

Nəzrin ELDARQIZI
XQ

Seçilən
3
1
xalqqazeti.az

2Mənbələr