Tarixi ədalət bərpa olunur, Qarabağda yeni gələcək qurulur
Azərbaycan dövləti 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə təkcə ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda onilliklər boyu pozulmuş ədaləti yenidən təmin etdi. Otuz ildən artıq müddətdə doğma yurd-yuvasından didərgin düşmüş minlərlə insanın öz isti ocağına qayıdışı bu Qələbənin ən böyük mənəvi nəticəsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, dağıdılmış şəhər və kəndlər müasir tələblərə uyğun şəkildə yenidən qurulur, region gələcəyə doğru inamla addımlayır. Ən əsası isə vurğuladığımız kimi, ədalətin bərpasıdır. Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşündə də bildirib ki, 1991-ci il dekabrın sonunda Ermənistan dövləti onları öz dədə-baba torpağından didərgin salmışdı: “Dekabrın sonu idi və indi 2025-ci il dekabrın sonunda ədalət burada da, bu torpaqda da tam bərqərar olur. Əlbəttə, təsəvvür etmək çətin deyil ki, bu illər ərzində necə əzab-əziyyət içində yaşamısınız. Həm ev şəraiti, həm mənəvi əzab, ədalətsizlik hissi. Amma əminəm, siz də bütün xalqımız kimi inanırdınız ki, gün gələcək və biz buraya qayıdacağıq. İki il bundan əvvəl antiterror əməliyyatı nəticəsində Kərkicahan qəsəbəsi Xankəndi şəhəri ilə birlikdə işğalçılardan azad edilmişdir və artıq burada həyat yenidən qurulur”.
34 ildən sonra doğma Kərkicahana qayıdış...
Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri dövlətin strateji baxışının, planlı və məqsədyönlü siyasətinin bariz göstəricisidir. Yol infrastrukturu, enerji təminatı, sosial obyektlər, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri qısa müddətdə inşa olunur. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin reallaşdırılması Qarabağın yalnız bərpa olunmadığını, eyni zamanda müasir inkişaf modelinə uyğun şəkildə formalaşdırıldığını göstərir. Dövlət başçısı sakinlərlə görüşdə deyib ki, torpaqlarımız işğalçılardan azad olundu və bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən bu gün Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir: “Yəni “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Siz isə uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün”.
Bu, bərpanın birinci mərhələsidir...
Doğma torpaqlarına qayıdan insanlar üçün bu torpaqlar sadəcə yaşayış məkanı deyil, həm də ümid, inam və gələcək deməkdir. Hər bir bərpa olunan kənd, hər bir yenidən salınan qəsəbə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Qarabağ bu gün yeni bir mərhələyə qədəm qoyur - sülhün, quruculuğun və davamlı inkişafın mərhələsinə. Bu proses həm dövlət-xalq birliyinin möhkəmliyini, həm də Azərbaycanın postmünaqişə dövründə nümunəvi yanaşmasını açıq şəkildə ortaya qoyur. Prezident görüşdə bildirib ki, Kərkicahanda hər şey yüksək səviyyədə təşkil olunub, qəsəbə göz oxşayır: “Əlbəttə ki, bu, qəsəbənin, bərpasının birinci mərhələsidir. Çünki işğal dövründə düşmən buranı da yararsız vəziyyətə salmışdı. Evlərin bir çoxunda heç yaşamaq mümkün deyil. Ona görə təqribən iki ilə yaxın təmir-bərpa işləri aparılıbdır. İndi isə artıq qəsəbənin bəzi küçələri tam abadlaşdırılıb, evlər tam hazır vəziyyətə gətirilib və burada yaşamaq üçün bütün şərait var”.
Xəyanət, qorxaqlıq, cəsarətsizlik...
Ölkəmizin son 35 illik tarixi göstərir ki, bu nəticələr heç də asan əldə edilməyib. 1990-1993-cü ilin birinci yarısı aralığı Azərbaycan üçün faciəli bir dövr idi. O dövrdə baş verənləri təhlil etsək: dövlətçiliyin məhv olmaq təhlükəsi, siyasi xaos, bölgələrdə qarşıdurmalar, rəhbərsizlik - bütün bunlar o dövrün reallıqları idi. Bəli, 1990-cı illərin əvvəlində, cəmisi 1-2 il ərzində baş verənlər Azərbaycan tarixində ən acı səhifələrdən birini formalaşdırdı. 1990-1993-cü illərin birinci yarısında ölkə faktiki olaraq idarəolunmaz hala gəlmişdi. AXC-Müsavat cütlüyünün şəxsi maraqları, hakimiyyət hərisliyi dövlət maraqlarını kölgədə qoymuşdu. Hərb meydanında baş verən məğlubiyyətlər, Şuşa, Laçın, Kəlbəcərin itirilməsi sadəcə hərbi səhv deyildi - bu, dövlətə, xalqa, tarixə qarşı xəyanət idi. Prezident İlham Əliyev Kərkicahan sakinləri ilə görüşündə bildirib ki, əfsuslar olsun ki, o vaxt Azərbaycan rəhbərliyi bu torpaqların sakinlərini qoruya bilmədi, iradə göstərə bilmədi, qorxaqlıq göstərdi və faktiki olaraq işğalla barışmalı oldu: “Ondan sonra gələn hakimiyyət vəziyyəti daha da bərbad vəziyyətə salmışdı. Faktiki olaraq Şuşanın, Laçının işğalı Kərkicahanın işğalından təqribən beş ay sonra baş verdi. Ona qədər Xocalı soyqırımı törədildi. O vaxt həm sovet dövründən qalan rəhbərlik, həm də ki, guya xalq hərəkatına aid olan rəhbərlik faktiki olaraq burada yaşayan insanları taleyin ümidinə buraxmışdı. Sizi müdafiə edə bilərdilər, etmədilər. Bəziləri qorxaqlıqdan, bəziləri isə hakimiyyətə gəlmək üçün Azərbaycanda xaos, anarxiya yaratmaq məqsədilə bir çox hallarda xəyanət edərək torpaqlarımızı düşmənə təhvil vermişdi”.
Artıq o günlər arxada qalıb - Vətən müharibəsi və antiterror əməliyyatı Azərbaycan xalqının torpaq, Vətən həsrətinə son qoydu. Prezident İlham Əliyev bildirib ki, “iki il bundan əvvəl cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində işğala tam son qoyduq, suverenliyimizi bərpa etdik, işğalçıları torpaqlarımızdan əbədi qovduq və bu gün sülh içində yaşayırıq. Bu elə bir şərəfli tarixdir ki, əminəm, bugünkü nəsil, bundan sonrakı nəsillər bu şərəfli tarixlə əbədi olaraq fəxr edəcəklər”.
Pərviz SADAYOĞLU