AZ

Etnik təmizləmə siyasəti və itirilmiş yurdlar: Qərbi Azərbaycan faciəsi

Azərbaycan xalqının tarixi XX əsr boyunca ağır sınaqlarla üzləşib. Bu sınaqların ən faciəlilərindən biri ermənilərin uzun illər davam edən etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıların öz doğma dədə-baba torpaqlarından zorla və kütləvi şəkildə qovulması olub. Bu proses tək-tük hadisələr deyil, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilmiş siyasətin nəticəsi idi.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan VHP Ali Məclisinin katibi, siyasi şərhçi Azər Caniyev qeyd edib ki, tarixi reallıqlar göstərir ki, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlı əhali müxtəlif dövrlərdə sistemli təzyiqlərə məruz qalıb:

“XX əsrin əvvəllərində başlayan zorakılıqlar nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə insan qətlə yetirilib və bölgənin etnik tərkibi süni şəkildə dəyişdirilməyə başlanıb. Bu mərhələdə əsas məqsəd azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq idi. Növbəti ağır mərhələ sovet dövrünə təsadüf edib. 1948–1953-cü illərdə Ermənistan SSR-də yaşayan on minlərlə azərbaycanlı inzibati qərarlar əsasında zorla köçürülüb. Rəsmi sənədlərdə bu proses köçürülmə kimi təqdim olunsa da, əslində ailələr ağır iqlim şəraiti olan ərazilərə göndərilib, onların mülkiyyət hüquqları tapdanıb, sosial və mədəni bağları qoparılıb. Bu deportasiyanın əsas səbəbi azərbaycanlıların etnik və dini mənsubiyyəti olub.

Azər Canıyev

Canıyevin qeyd edib ki, etnik təmizləmə siyasətinin ən kəskin mərhələsi isə 1988-ci ildə yaşanıb:

“Həmin il Ermənistan ərazisində yaşayan azərbaycanlı əhali kütləvi zorakılıqlara, təhdidlərə və basqılara məruz qalıb. 25 dekabr 1988-ci ildə bu proses faktiki olaraq başa çatdırılıb və 250 mindən çox azərbaycanlı öz doğma yurdlarını tərk etməyə məcbur olub. Bununla da Qərbi Azərbaycanda əsrlər boyu formalaşmış azərbaycanlı varlığı tamamilə aradan qaldırılıb. Deportasiyalar yalnız insanların köçürülməsi ilə bitməyib. Qərbi Azərbaycanda azərbaycanlılara məxsus yaşayış məntəqələri dağıdılıb, minlərlə ev yandırılıb, qəbiristanlıqlar, məscidlər, tarixi-mədəni abidələr və sosial obyektlər məhv edilib. Bu dağıntılar bir xalqın tarixini və izlərini silmək məqsədi daşıyıb. Xüsusilə 1988-ci ildən sonra mədəni irsin sistemli şəkildə dağıdılması bu siyasətin açıq göstəricisinə çevrilib”.

Şərhçi qeyd edib ki, baş verən hadisələr göstərir ki, Ermənistanda uzun illər monoetnik dövlət yaratmaq ideyası üstün tutulub:

“Bu ideya yalnız azərbaycanlılara qarşı deyil, ümumilikdə fərqli millət və mədəniyyətlərə qarşı dözümsüz münasibətin formalaşmasına səbəb olub. Regionda yaranmış humanitar böhran və uzunmüddətli gərginlik məhz bu yanaşmanın nəticəsidir. Bu gün Qərbi Azərbaycandan azərbaycanlıların sonuncu kütləvi deportasiyasından 37 il keçir. Lakin zaman keçsə də, itirilmiş yurdların ağrısı, zorla qoparılmış talelərin xatirəsi Azərbaycan xalqının yaddaşından silinmir. Bu hadisələr tarix üçün sadəcə keçmiş deyil, ədalətin bərpası və həqiqətlərin tanınması baxımından mühüm dərs olaraq qalır”.

Seçilən
18
nocomment.az

1Mənbələr