Lənkəranda alça ağacı dekabr ayında bar verib.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, yaz-yay fəslində bar verən alça ağacı, dekabr ayında yenidən çiçəklənərək bar gətirib.
Qeyri-adi təbiət hadisəsi Lənkəran rayonunun Şağlaser kəndində, 79 yaşlı Penci Ağayevin həyətində baş verib.
10 il bundan əvvəl əkilən alça ağacı ilk dəfə olaraq bu il yenidən bar verib.
Ev sahibinin sözlərinə görə, qırmızı növ olan alça ağacıdır:
“Ağacın məhsulu həmişə bol olub. Bu yaşımda ilk dəfədir görürəm ki, ikinci dəfə bar gətirsin. Dekabr ayıdır, hava fəsilə uyğun deyil, isti keçir. Bağda, sahədə olan ağaclar da oyanıb, gül açıb. Təqribən 50 yaşım olardı belə bir hadisənin şahidi olmuşam. Başqa bir həyətdə qışda ağac bar vermişdi. İndi öz həyətimdə alçalardan birini dərib yemişəm, ləzzətlidir. Tam yetişməsə də l, turşuluq həməndir. Yetişəndə dəyişilir”.
Ev sahibi onu da bildirdi ki, şaxtalı hava olmasa, ağac meyvəni saxlayacaq və yay fəslində olduğu dadı da verə bilər.
