Şimali Koreya ən son zenit raketlərini sınaqdan keçirib və onların buraxılışını ölkə lideri Kim Çen In müşahidə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ötən gün KXDR-in Raket Tədqiqatları Baş İdarəsi Yapon dənizində hazırlanan ən son yüksək hündürlük və uzaq mənzilli zenit raketlərinin sınaqlarını keçirib.
Qeyd olunub ki, bunlar hava hücumundan müdafiə texnologiyalarının inkişafının bir hissəsi olaraq yeni zenit-raket sisteminin taktiki və texniki xüsusiyyətlərini qiymətləndirməyə yönəlmiş ilk sınaqlar olub.
Atılan raketlər 200 km məsafədə yerləşən şərti hava hədəflərini vurub.
Kim Çen In həmçinin strateji nüvə enerjisi ilə işləyən idarə olunan raket sualtı qayığının tikinti sahəsinə baş çəkib və nüvə qalxanının daha da gücləndirilməsinə çağırıb.
Səfər zamanı Şimali Koreya lideri özünümüdafiə siyasətinin həyata keçirilməsi üçün strateji nüvə enerjisi ilə işləyən hücum sualtı qayığının inşasının vacibliyini vurğulayıb.
O, Cənubi Koreyanın ABŞ ilə birgə nüvə enerjisi ilə işləyən sualtı qayıq hazırlamaq planlarının Koreya yarımadasında qeyri-sabitliyə səbəb olacağını qeyd edib.