Bizim də bu yazının yazının məqsədi mövcud qlobal təhsil modellərinə qısa nəzər salmaq, Türkiyənin bu sahədəki mövqeyini dəyərləndirmək və Türk dünyası üçün real, tətbiq edilə bilən "Türk Bölməsi" adlı təhsil modelinin niyə zəruri olduğunu ictimai müzakirəyə çıxarmaqdır.
Bu gün Cambridge, International Baccalaureate (IB), Pearson, Advanced Placement (AP) kimi sistemlər sadəcə tədris proqramı deyil, qlobal təhsil markalarıdır. Bu modellərin ortaq aşağıdakılardır:
•Mərkəzləşdirilmiş və standartlaşdırılmış kurikulum
•Beynəlxalq səviyyədə tanınan imtahan və qiymətləndirmə sistemi
•Akreditasiya və lisenziya əsasında davamlı maliyyə mexanizmi
•Dil və mədəniyyət üzərindən təsir gücü
Sözsüz ki, Bu sistemlər vasitəsilə təkcə bilik ötürülmür, eyni zamanda müəyyən bir dil (əsasən ingilis dili), dəyərlər sistemi və dünyagörüşü təqdim edilir. Başqa sözlə, təhsil burada "yumşaq güc"ün ən təsirli alətlərindən birinə çevrilir. Heç təsacüfi deyil ki, bütün ölkələr öz mədəniyyətini, dilini təbliğ etməyə xüsusi büdcə ayırır, bunun üzərində diaspor fəaliyyəti qururlar.
Məktəblər və valideynlərin bu təhsil sistemlərinə marağının da mərkəzində duran xüsusi səbəblər var. Bəzən elə düşünülür ki, bu cür bahalı təhsil sistemlərinə yönələnlər üçün təkcə keyfiyyət anlayışıdır. Daha profesional yanaşsaq, görərik ki, sadəcə keyifiyyət əsas deyil. Yeni qurulan məktəblər üçün:
-Kurikulum və imtahan hazırlamaq yükünü aradan qaldırır
-Hazır və beynəlxalq səviyyədə tanınan model təqdim edir
-Prestij və rəqabət üstünlüyü yaradır
Valideynlər isə əsasən bu səbəblərə görə seçim edirlər:
-Uşağın ingilis dilini yüksək səviyyədə öyrənməsi
-Xarici universitetlərə qəbul şansının artması
-Qlobal təhsil mühitinə inteqrasiya
-Gələcəkdə daha yaxşı iş imkanı əldə etmək
Nəticədə təhsil seçimi getdikcə daha çox rasional və strateji qərara çevrilir.
Bütün bunlara diqqət yetirəndə təbii olaraq içimdə bir sual yaranır, axı Niyə hələ də Türk Təhsil Konsepti yoxdur, niyə hələ də türk ölkələrində ortaq kurikulumu olan bir sistem qurulmayıb? Niyə Türkiyə hələ də beynəlxalq səviyyədə tanınan, akreditasiyalı bir Türk təhsil modeli təqdim etmir?
Sözsüz ki, mən bu yazım bu sahəyə diqqət çəkməkdir. Gəlin bir türk təhsil modeli yaradaq, deyib, sabah da bunu elan etmək mümkün deyil. Amma indiyə qədər bu düşünülməli və tətbiq edilməli idi deyə düşünürəm. Könül istər ki, bu model Türk Akademiyası tərəfindən bütün türk dövlətlərinin birgə çalışması ilə ərsəyə gəlib, hamısında tətbiq edilərdi. Lakin Bu günün prizmasında baxanda isə ən yaxın görünən Türkiyə Cümhuriyyətinin bu sahədə atmalı olduğu addımdır. Çünki prosesin təşkili daha asan, daha tez başa gələndir. Çünki, türkiyə köklü universitet ənənəsinə, güclü akademik potensiala, Ortak dil, tarix və mədəniyyətə malik geniş Türk dünyasına, Yüksək mədəni cazibə gücünə malikdir. Həmçinin etiraf edək ki, Türkiyə həm siyasi, həm iqtisadi baxımdan bu işi öhdəsinə götürə biləcək ən güçlü türk ölkəsidir və bu gün Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, eləcə də İranda yaşayan azərbaycanlılar arasında Türkiyəyə güclü təhsil marağı var. Hər il on minlərlə gənc Türkiyədə oxumaq üçün universitetlərə müraciət edir. Türkiyə bu coğrafiyada akademik mərkəz kimi qəbul olununan qardaş ölkədir. Bu isə təkcə tələbə axını deyil, təhsil modeli ixracı üçün də böyük potensial deməkdir.
Bildiyimiz kimi Sovetlərdən ayrılan türk ölkələrində Rus bölməsi adlı bir ifadə var. Bu gün isə bu bölmənin nüfuzunun xeyli zəifləməsi və yaranan boşluq da bizə imkan veriri ki, Türk Təhsil Modeli adlı bölməni yaradaq. Bunu şərtləndirən bir neçə vacib məqam var:
-Türk dövlətlərinin bu gün tarixdə heç vaxt olmadığı qədər yaxınlığı
-Rusiyanın regional təsirinin azalması
-Yeni nəslin rus dilinə marağının zəifləməsi
-Türkçə və ingilis dilinin yüksəlişi
-Türkiyə Türkcəsində elmi ədəbiyyatın yetərincə çoxluğu və tərcümənin zəngin olması
Nəticədə təhsil sahəsində ciddi bir boşluq yaranıb. Bu boşluq ya düzgün doldurulacaq, ya da başqa güclər tərəfindən tutulacaq.
Bəlkə də, indi kimsə deyəcək ki, hazırda Türkiyənin bir çox ölkələrdə dövlət və özəl məktəbləri var. Qeyd etməliyəm ki, mövcud Türk məktəbləri yetərli deyil.
Türkiyənin dəstəyi ilə fəaliyyət göstərən Maarif (özəl fomatda) məktəbləri və bəzi dövlət və özəl Türk məktəbləri əhəmiyyətlidir. Amma reallıq budur ki, bu məktəblər: Say baxımından azdır, Ümumi təhsil sistemini dəyişəcək miqyasda deyil, konkret bir modellə fəaliyyət göstərmir. Mənim təklifim isə bunu daha genişmiqyaslı və qlobal təsir yaratmaq üçün tək-tük məktəblər yox, model, proqram və akreditasiya sisteminin olmasıdır. Niyə hansısa bölgəmizdə bir məktəb bu konseptdən istifadə edə bilməsin, niyə hansısa başqa bir ölkə məhz Türk Təhsil Konsepti ilə təhsil verməyi seçə bilməsin? Məsələn, mən bir özəl məktəb sahibiyəm, istərdim ki, rus bölməsi əvəzinə türk bölməsi açım, amma burada çoxlu açıq suallar var, ən vacibi isə sonda məzun hansı diplomu alacaq?
Təklif etdiymiz "Türk Bölümü" və ya "Türk Təhsil Konsepti" aşağıdakı əsaslara söykənə bilər:
-Ortaq Türk dəyərləri sisteminə əsaslanan təhsil
-Türkiyə mərkəzli vahid və standart kurikulum
-Türk dili əsaslı, eyni zamanda çoxdilli (Türkcə-İngiliscə) təhsil
-Ortak Türk tarixi, ədəbiyyatı və mədəniyyəti
-Beynəlxalq standartlara uyğun qiymətləndirmə
-Türkiyə tərəfindən verilən akreditasiyalı diplom
Bu proqram istənilən ölkədəki dövlət və özəl məktəblər üçün müraciət əsasında açıq olmalıdır.
Bu modelin cazibəsini artıracaq əsas amil isə "Türk Bölümü" məzunlarına Türkiyə universitetlərində: Xüsusi kontenjanlar, Təqaüdlər, Qəbul və keçid üstünlüklərinin olmasıdır.
Bu gün təhsil sadəcə dərs prosesi deyil. Təhsil - dil, mədəniyyət, iqtisadiyyat və geosiyasətin kəsişdiyi strateji sahədir. Əminəm ki, Türkiyə öz tarixi, mədəni və intellektual potensialı ilə Türk dünyası üçün ortaq, güclü və rəqabətədavamlı təhsil modeli yarada bilər. Əgər buna nail olub, tətbiq edilərsə, məhz qardaş Türkiyənin, təhsil diplomatiyasını gücləndirər, Türk dünyasında ortaq akademik zəmin yaradar, Birlik ideyasını söz səviyyəsindən institusional səviyyəyə qaldırar.
Bu artıq bir arzu deyil, zamanı çatmış strateji zərurətdir.
Mənsə 30 illik təhsil təcrübəmlə bu prosesin istənilən yerində könüllü olaraq dəstək verməyə cani-könüldən hazıram.
Şəmil Sadiq
Hədəf Şirkətlər Qrupunun qurucu direktoru,
Turan Balabilgə Akademiyasının prezidenti,
dosent