AZ

Marketlər Yeni il hədiyyələrini "ailə faciəsinə" çevirmək istəyir - pul qazanmaq üçün...


Eyyub Hüseynov: “Qutunun içərisindəki məhsulların üzərində buraxılış tarixi və son istifadə müddəti göstərilmirsə…”

Hər il olduğu kimi, bu il də market və dükanlarda, həmçinin bazarda uşaqlar üçün içində oyuncaq və qida məhsulları olan Yeni il hədiyyələri satışa çıxarılıb. Onların qiyməti tərkibinə, keyfiyyətinə görə dəyişir.

Balacaların sevincinə səbəb olan bu hədiyyə qutularında bəzən onların sağlamlığı üçün təhlükə törədəcək şirniyyatlara da rast gəlmək olur. Belə ki, həmin qutulara bəzən vaxtı ötmüş məhsullar qoyulur. Həmin hədiyyələri alarkən içindəki məhsulların keyfiyyətini yoxlamaq mümkün olmadığından, bəzi şirkətlər bayramdan istifadə edərək köhnə məhsullarını əhaliyə satmağa başlayırlar.

Məlum vəziyyətlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə müraciət edib. Müraciətdə bildirilir ki, uşaqlar üçün nəzərdə tutulan Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. Eyni zamanda qeyd edilir ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixini göstərir. Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına da ciddi diqqət yetirmələri tövsiyə olunur.

“Estetik cəlbedici qutulara saxlanma şəraitinə uyğun olmayan, artıq təhlükəli vəziyyətə gəlmiş, yararlılıq müddətinin bitməsinə az qalmış mallar doldurulur”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, valideynlər bu cür hədiyyələri alarkən daha çox şənliyə baxır, uşaqlar isə həmin məhsulları istehlak edirlər və nəticədə problemlər yaranır: “İstehlakçının məhsul alarkən onun istehsal və son istifadə tarixinə diqqət yetirmək hüququ var. Qutunun içərisindəki məhsulların üzərində buraxılış tarixi və son istifadə müddəti göstərilmirsə, həmin malların geri qaytarılması məqsədəuyğundur. Lakin bəzi konfetlərin üzərində bu məlumatlar, ümumiyyətlə olmur. Etiketlərin ölçüsü kiçik olduğu üçün istehlakçılar onları yoxlamaqda çətinlik çəkir. Bu problem illərdir ki, davam edir. Buna görə də valideynlər belə məhsulları alarkən xüsusilə diqqətli olmalıdırlar. Hər hansı problemlə üzləşdikdə isə 1003 qaynar xətti vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələri tövsiyə edilir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, birliyə gələn zənglərin məzmunu əsasən baha qiymətə alınan qutuların içərisində vaxtı keçmiş, kif qoxusu gələn məhsullarla bağlıdır: “Bu səbəbdən zəhərlənmə halları da baş verib. Alınıb istifadə olunan qutularla bağlı sonradan nə etmək olar sualı yaranır, çünki artıq istifadə olunub və sübut yoxdur. Vaxtilə biz Yeni il kampaniyalarının fəaliyyətini yarımçıq dayandırmalı olmuşuq. Vəziyyət yaxşılaşıb, lakin yenə də bəzi biznes qurumları dövlətin onlar üçün yaratdığı toxunulmazlıq şəraitindən istifadə edirlər. Estetik cəlbedici qutulara saxlanma şəraitinə uyğun olmayan, artıq təhlükəli vəziyyətə gəlmiş, yararlılıq müddətinin bitməsinə az qalmış mallar doldurulur.

Yaxşı olar ki, valideynlər Yeni il qutuları alarkən mütləq şəkildə kassa çekini saxlsın. Qutunun içərisində olan bütün qidalara ayrı-ayrılıqda baxsınlar. Məsələn, kiçik konfetlərin üzərində buraxılma tarixi olmur, qoxlasınlar, digər qidaların buraxılma tarixinə fikir versinlər. Əgər məhsulun yararlılıq müddətinin bitməsinə az qalıbsa, bu qidaları uşaqlara verməsinlər".

Günel CƏLİLOVA

Seçilən
24
baki-xeber.com

1Mənbələr