AZ

İnsanlıq 50 il ərzində yadplanetlilərlə qarşılaşa bilər

İngiltərəli alim və televiziya aparıcısı Maggie Aderin-Pocock bəşəriyyətin qarşıdakı 50 il ərzində dünya xaricindəki həyat formaları ilə qarşılaşacağını iddia edib.

Editor.az xəbər verir ki, bu iddia Daily Mirror nəşrində dərc olunub.

Alimin sözlərinə görə, yadplanetli bir sivilizasiyanın kəşfi 2075-ci ilə qədər baş verə bilər. O, həmçinin qeyd edib ki, bu varlıqların məşhur rejissor Steven Spilberqin “E.T.” filmində təsvir olunan insana bənzər obrazlar olacağını gözləmək düzgün deyil.

Maggie Aderin-Pocock hesab edir ki, yadplanetli həyat formaları daha çox “boz selik” tipli sadə orqanizmlərə bənzəyə bilər. Alim eyni zamanda yadplanetlilərin kommunikasiya texnologiyalarının insanların istifadə etdiyi texnologiyalardan xeyli üstün ola biləcəyini də istisna etməyib.

Qeyd edək ki, daha əvvəl britaniyalı kino prodüseri və UFO tədqiqatçısı Mark Christopher Lee bəşəriyyətin ilk dəfə açıq şəkildə yadplanetli bir sivilizasiya ilə 2026-cı il FIFA Dünya Kuboku zamanı təmas qura biləcəyini bildirib. O, bu qənaətə qədim öncəgörmələr, müasir UFO müşahidələri və tanınmış vizyonerlərin açıqlamalarının təhlili əsasında gəldiyini vurğulamışdı.

// Gülnarə Abasova, Editor.az

Seçilən
51
editor.az

1Mənbələr