AZ

Avropanın Afrikaya qanlı girişi- Keyptaunla başlayan işğal, talan və irqi ayrı-seçkilik

1652-ci ilin 25 dekabrı Afrika qitəsinin tarixində Avropanın açıq müstəmləkəçilik mərhələsinə keçdiyi günlərdən biri kimi qiymətləndirilir.
Məhz bu tarixdə Hollandiya Şərqi Hindistan Şirkətinin nümayəndəsi Yan van Riebeckin rəhbərliyi ilə indiki Keyptaun şəhərinin əsası qoyuldu və bununla da Afrikanın cənubunda planlı Avropa işğalının təməli atıldı.

AzPost xəbər verir ki, rəsmi mənbələrdə bu addım “dənizçilər üçün təchizat məntəqəsi” kimi təqdim olunsa da, reallıqda məqsəd strateji torpaqların ələ keçirilməsi, yerli xalqların sıxışdırılması və Avropa ticarət imperiyasının genişləndirilməsi idi.
Keyptaun ərazisində yaşayan Khoikhoi və San xalqları qısa müddətdə öz torpaqlarından zorla çıxarıldı, müqavimət göstərənlər isə silah gücü ilə məhv edildi.

Hollandiya Şərqi Hindistan Şirkəti təkcə ticarət qurumu deyil, eyni zamanda öz ordusu, məhkəməsi və repressiya sistemi olan yarı-dövlət strukturu idi.
Bu şirkət Afrikada torpaqları müsadirə edir, yerli əhalini məcburi əmək sisteminə cəlb edir və Avropadan gətirilən kölələr vasitəsilə demoqrafik quruluşu məqsədli şəkildə dəyişirdi.
Məhz Keyptaunda qurulan bu sistem sonradan bütün Cənubi Afrikaya yayıldı.
Tarixçilərin fikrincə, burada tətbiq edilən torpaq bölgüsü, irqi iyerarxiya və hüquqi ayrı-seçkilik mexanizmləri XX əsrdə rəsmi şəkildə formalaşan aparteid rejiminin ideoloji və hüquqi əsasını təşkil etdi.

Yəni aparteid birdən-birə yaranmadı, onun kökləri məhz Avropa müstəmləkə idarəçiliyinin ilk illərində atıldı.
Keyptaunun Avropa nəzarətinə keçməsi ilə Afrika təkcə iqtisadi cəhətdən deyil, mədəni və siyasi baxımdan da ağır zərbə aldı.

Yerli dillər, idarəetmə formaları və ictimai münasibətlər zorla sıradan çıxarıldı, Avropa modeli “üstün sivilizasiya” adı altında qəbul etdirildi.
Afrika insanı isə öz torpağında ucuz işçi qüvvəsinə və hüquqsuz varlığa çevrildi.
Bu proses sonradan İngiltərə, Fransa, Portuqaliya və Almaniya kimi dövlətlərin Afrikada apardığı işğalçı siyasət üçün presedent yaratdı.
Keyptaun sadəcə bir şəhər deyil, Afrikanın bölüşdürülməsi, sərvətlərinin daşınması və xalqlarının əsarət altına alınmasının başlanğıc nöqtəsi oldu.

AzPost.az

Seçilən
9
1
azpost.info

2Mənbələr