AZ

Tarixi ədaləti bərpa edən Müzəffər Ali Baş Komandan

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən praqmatik, çoxvektorlu və milli maraqlara söykənən siyasət Azərbaycanı həm regional, həm də qlobal miqyasda mühüm mövqeyə yüksəldib. Siyasi sabitlik, güclü iqtisadi islahatlar, uğurlu diplomatik addımlar və ordu quruculuğu sahəsində qazanılan nailiyyətlər nəticəsində ölkəmiz Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, beynəlxalq aləmdə də etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın artan nüfuzu, onun regional sabitlik və əməkdaşlıq təşəbbüslərindəki rolu eyni zamanda milli maraqların qətiyyətlə qorunması ilə birbaşa bağlıdır. Bu siyasət həm də ölkənin təhlükəsizliyini, dayanıqlı inkişafını və suverenliyini təmin edən mühüm amilə çevrilib.

Hər bir xalqın tərəqqisi və davamlı inkişafı üçün əsas şərtlərdən biri dövlətçilik ənənələrinin qorunması və müasir tələblərə uyğun dövlət modelinin formalaşdırılmasıdır ki, bu prosesdə lider amili xüsusi əhəmiyyət daşıyır. Dövlət quruculuğu prosesində xalqın iradəsini milli hədəflərə yönəldən liderlik faktoru müstəsna əhəmiyyət kəsb edir. İdarəçilik məharətini strateji düşüncə və qətiyyətli siyasi kursla birləşdirən Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın milli gücünün artırılmasında və dövlət suverenliyinin möhkəmləndirilməsində həlledici rol oynayan ali liderlik nümunəsidir. 

2003-cü ildə xalqın böyük etimadı ilə dövlət başçısı seçilən İlham Əliyev, yalnız Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməklə kifayətlənmədi, onu dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirərək ölkəni yeni mərhələyə çıxardı. Onun rəhbərliyi ilə Azərbaycan təkcə regionda deyil, dünya miqyasında da nüfuzlu aktora çevrildi. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə isə İlham Əliyevin liderlik keyfiyyətlərinin ən parlaq göstəricisi oldu. Onun qətiyyəti, diplomatik çevikliyi və strateji düşüncəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Ulu Öndərin illərlə dilə gətirdiyi Qarabağ arzusu reallığa çevrildi.

Ötən illər bir daha sübut etdi ki, Prezident İlham Əliyev müasir Azərbaycanın qurucusu və inkişaf strategiyasının memarı kimi öz liderlik keyfiyyətləri ilə seçilən, xalqın iradəsinə əsaslanan siyasət yürüdən dövlət başçısıdır. O, hər zaman milli maraqları uca tutaraq ölkənin təhlükəsizliyi, rifahı və beynəlxalq nüfuzunun artırılması naminə yorulmadan çalışıb. Son 22 ildə aparılan inqilabi islahatlar və reallaşdırılan qlobal layihələr Azərbaycanın iqtisadi gücünün artmasına, sosial rifahın yüksəlməsinə, beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə səbəb olub. Bütün bu nailiyyətlərin əsasında isə Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" strateji fəlsəfəsinə söykənən inkişaf xətti dayanır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Azərbaycanı regionda və dünyada söz sahibi olan nüfuzlu dövlətlər sırasına çıxarıb. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə əsası qoyulan və Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətindən qaynaqlanan neft strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə sonrakı illərdə daha da inkişaf etdirilərək Azərbaycanın beynəlxalq enerji bazarında mühüm aktora çevrilməsinə şərait yaradıb. Bu strategiyanın davamı olaraq 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. 2018-ci ildə isə enerji təhlükəsizliyində həlledici rolu olan "Cənub qaz dəhlizi" və TANAP layihələrinin açılışı baş tutub. "Əsrin müqaviləsi"nin 2050-ci ilə qədər uzadılması bu siyasətin davamlılığını və möhkəm təməl üzərində qurulduğunu sübut edir. Paralel olaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirən nəqliyyat layihələri "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Eyni zamanda ölkəmiz kosmik sahədə də uğurlar qazanaraq "Azerspace-1", "Azersky" və "Azerspace-2" peykləri ilə kosmik dövlətlər sırasına daxil olub. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin iqtisadi, enerji və texnoloji sahələrdə apardığı siyasətin davamlı, milli maraqlara əsaslanan və beynəlxalq əhəmiyyət daşıyan strateji xətt olduğunu göstərir. Bu siyasət Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, onu qlobal əməkdaşlıq üçün etibarlı tərəfdaşa çevirib.

Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü və milli maraqlara əsaslanan praqmatik siyasəti Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq nüfuzunun artması və strateji mövqeyinin möhkəmləndirilməsi ilə nəticələndi. Məhz bu amillər Vətən müharibəsində qələbənin əldə olunmasında həlledici rol oynadı. Güclü iqtisadi dayaqlara, müasir və çevik orduya, geniş diplomatik əlaqələrə malik olan Azərbaycan dövləti Prezidentin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Eyni zamanda Prezident İlham Əliyev uzun illər ərzində hər bir beynəlxalq platformada Qarabağ həqiqətlərini səbr və ardıcıllıqla gündəmdə saxladı, Azərbaycanın mövqeyini dünyaya çatdırdı. Onun göstərişi ilə beynəlxalq təşkilatlarda, xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəliklər və diplomatik missiyalar bu istiqamətdə sistemli fəaliyyət göstərdi. Bunun nəticəsində dünya ictimaiyyəti tədricən Azərbaycanın ədalətli mövqeyini qəbul etməyə başladı. Prezidentin diplomatik səyləri, hüquqi bazanın gücləndirilməsi və siyasi iradəsi Qarabağ Zəfərinin həm hərbi, həm də beynəlxalq legitimlik baxımından möhkəm təmələ söykənməsini təmin etdi. 

Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan hərbi-siyasi addımlar, beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyin ardıcıl şəkildə müdafiəsi və qlobal təşkilatların qəbul etdiyi sənədlər bu prosesin hüquqi zəminini formalaşdırdı. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İƏT-in, Avropa Parlamentinin və digər beynəlxalq qurumların sənədlərində Azərbaycanın ərazi bütövlüyünə dair açıq və konkret müddəaların yer alması ölkəmizin mövqeyini beynəlxalq miqyasda gücləndirdi. Bu siyasi və diplomatik uğurlar paralel olaraq ordu quruculuğu sahəsində də böyük irəliləyişlərlə tamamlandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanın hərbi potensialı sürətlə inkişaf etdirildi, Silahlı Qüvvələr ən müasir texnika və avadanlıqlarla təchiz olundu. Hərbi əməkdaşlıqlar genişləndirildi, şəxsi heyətin peşəkarlığı artırıldı və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusundan biri səviyyəsinə yüksəldi. Bütün bu faktlar 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbənin əsas dayaqlarını təşkil etdi. 

Beş ildir ki, postmüharibə dövrünü yaşayırıq və bu dövrün özünəməxsus məqsəd və hədəfləri var. Fəxrlə deyirik ki, bu proseslərin əsas istiqamətlərini Azərbaycan Prezidenti müəyyən edir. Beynəlxalq güclər və böyük dövlətlər regionda yaranmış yeni reallıqları qəbul edir və onunla hesablaşırlar. Prezidentimizin cəsarətli və təmkinli addımları, taleyüklü məqamlarda göstərdiyi qətiyyət və prinsipiallıq bizi uğurdan-uğura aparır. Azad olunmuş ərazilərə həyat yenidən qayıdır və bu, Azərbaycan dövlətinin gücünü göstərir. İlham Əliyev müharibədə olduğu kimi, indi də quruculuq işlərində sonsuz qətiyyətlə çalışır. İşğaldan azad edilmiş yerlərdə yalnız infrastruktur deyil, həm də yaşayış kompleksləri, məktəb binaları tikilir, yenilərinin təməlləri qoyulur. Bütün bunlar Böyük qayıdışın geniş perspektivindən xəbər verir. İndiyədək minlərlə ailə doğma yurda qayıdıb. Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirərək xalqına və məcburi köçkünlərə verdiyi vədə sadiq qaldı. 

Beləliklə, Azərbaycanın son iki onilliyi Prezident İlham Əliyevin rəhbərliyi altında milli dövlətçilik tariximizi kökündən dəyişən, xalqımızın taleyinə qızıl hərflərlə həkk olunmuş 22 illik möhtəşəm bir uğur salnaməsidir. Bu dövr Azərbaycanın dövlətçilik salnaməsində "İlham Əliyev imzası" ilə möhürlənmiş ən parlaq səhifədir. Bu imza gələcək nəsillər üçün ən böyük qürur mənbəyi və sarsılmaz dövlətçilik məktəbi olaraq qalacaq.

Kamran BAYRAMOV,

Milli Məclisin deputatı

Seçilən
21
azerbaijan-news.az

1Mənbələr