Bakı, 25 dekabr, AZƏRTAC
Şimali Koreya ən yeni zenit raketlərini sınaqdan keçirib, ölkə lideri Kim Çen In sınaqları şəxsən izləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, dekabrın 24-də KXDR-in Baş Raket İdarəsi Yapon dənizi istiqamətində hazırlanmış ən yeni yüksək hündürlüklü, uzaq mənzilli zenit raketlərinin sınaq buraxılışını həyata keçirib.
Qeyd olunur ki, bu sınaq hava hücumundan müdafiə texnologiyalarının inkişafı çərçivəsində yeni yüksək hündürlüklü, uzaq mənzilli zenit-raket sisteminin taktiki və texniki xüsusiyyətlərinin qiymətləndirilməsinə yönəlmiş ilk buraxılışdır.
Bildirilib ki, buraxılan raketlər təxminən 200 kilometr məsafədə yerləşən simulyasiya edilmiş hava hədəflərini dəqiq vurub.
Vurğulanıb ki, Kim Çen In sınağın uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edib.