Vaşinqton administrasiyası ən azı iki ay müddətində Venesuela sahillərində dəniz blokadasını davam etdirməyi, neft tankerlərinin ölkəyə və ölkədən çıxışına mane olmağı planlaşdırır.
"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.
"Hərbi güc tətbiq etmək imkanı hələ də mövcuddur, lakin əsas diqqət sanksiyaların icrasını təmin etməklə iqtisadi təzyiq göstərməyə yönəlib. Bu, Ağ Evin əldə etmək istədiyi nəticəyə xidmət edir", – ABŞ rəsmisinin Venesuelaya dair Vaşinqton administrasiyasının kursu barədə sözləri materialda yer alıb.
Rəsmi vurğulayıb ki, Ağ Ev bölgədəki Amerika qüvvələrinə, demək olar, tamamilə "ən azı növbəti iki ay ərzində Venesuela neftinin karantini" üzərində cəmlənməyi əmr edib.
Onun sözlərinə görə, Vaşinqton "yanvarın sonuna qədər" Venesuelada "iqtisadi fəlakət" təhlükəsi yaratmağı və Karakası ABŞ-yə "əldə ediləcək ciddi güzəştlərə razı olmağa" məcbur etməyi hədəfləyir.
Qeyd edək ki, Vaşinqton Karakası narkotik qaçaqmalçılığı ilə kifayət qədər fəal mübarizə aparmamaqda ittiham edir. "The New York Times" qəzetinin avqustda verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp Latın Amerikası narkokartellərinə qarşı hərbi güc tətbiqinə dair məxfi direktiv imzalayıb. Bundan sonra Karib dənizi bölgəsinə "Gerald R. Ford" aviadaşıyıcısı başda olmaqla, ABŞ-nin əlavə hərbi qüvvələri, o cümlədən zərbə donanması göndərilib. Son aylarda ABŞ hərbçiləri Latın Amerikası sahillərində narkotik qaçaqmalçılığı ilə mübarizə çərçivəsində 20-dən çox kateri məhv edib, təxminən 100 nəfər öldürülüb.