AZ

Naxçıvanda YAP-nin təşkilatçılığı ilə ilin yekun tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatı tərəfindən "Konstitusiya və Suverenlik İli" çərçivəsində fəaliyyətin yekunlarına, eləcə də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tədbirdə iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ceyhun Cəlilov tədbirdə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası yaranan gündən etibarən milli maraqlara əsaslanan siyasəti, güclü dövlət idarəçiliyini, xalqla hakimiyyət birliyini və davamlı sosial-iqtisadi inkişafı əsas prinsip kimi qəbul edib. Bu ideyalar təkcə partiyanın deyil, bütövlükdə Azərbaycan dövlətinin inkişaf fəlsəfəsinə çevrilib. Bu gün "Konstitusiya və Suverenlik İli"nin qeyd olunması da məhz bu siyasi-fəlsəfi xəttin davamı kimi xüsusi məna daşıyır.

Səlahiyyətli nümayəndə vurğulayıb ki, konstitusion dəyərlərin qorunması və dövlət suverenliyinin möhkəmləndirilməsi cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas prioritetlərindən biri olmaqla, Yeni Azərbaycan Partiyasının fəaliyyətində də ideoloji xətt kimi çıxış edir. Partiyanın inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Onun partiya rəhbərliyində təmsil olunması Yeni Azərbaycan Partiyasının ictimai dayaqlarını möhkəmləndirib, humanist və müasir idarəçilik yanaşmalarını gücləndirib. Naxçıvan Muxtar Respublikasında da Yeni Azərbaycan Partiyasının üzvləri dövlət siyasətinin icrasında fəal iştirak edir, ictimai-siyasi sabitliyin qorunmasına və islahatların cəmiyyətə düzgün çatdırılmasına mühüm töhfə verirlər. Partiyaya artan maraq isə dövlətçilik dəyərlərinə sadiq, məsuliyyətli və milli maraqları üstün tutan yeni nəslin formalaşmasına xidmət edən sağlam ideoloji mühitin göstəricisidir.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev və Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli də çıxış ediblər.

Yeni Azərbaycan Partiyası himninin səsləndirilməsi ilə tədbirə yekun vurulub.

Seçilən
61
far.az

1Mənbələr