AZ

Kobaxidze: Gürcüstanın vəzifəsi Orta Dəhlizi regionda ən etibarlı və təhlükəsiz marşruta çevirməkdir

Gürcüstanda dəmir yolu infrastrukturunun modernləşdirilməsi ölkənin rəqabət qabiliyyətini gücləndirir, hökumətin vəzifəsi isə nəticə etibarilə Orta Dəhlizi regionun ən etibarlı və təhlükəsiz dəhlizinə çevirməkdir.

"Report"un məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze dəmir yollarının modernləşdirilməsi layihəsinin başa çatmasına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

"Hazırda dünya geosiyasi və iqtisadi transformasiya dövrünü yaşayır. Təchizat zəncirləri dəyişir, təhlükəsiz, proqnozlaşdırıla bilən və etibarlı nəqliyyat marşrutlarının əhəmiyyəti artır. Bu kontekstdə Gürcüstanın rolu düşünülmüş və strateji qərarlarla gücləndirilməlidir", – deyə Baş nazir İ. Kobaxidze vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstan hökumətinin təşəbbüsləri, Anaklia limanı, dəmir yolu və Şərq–Qərb avtomobil infrastrukturlarının modernləşdirilməsi bu siyasətin ifadəsidir.

"Bizim gələcəyimiz bütün nəqliyyat növlərini vahid ekosistemə birləşdirəcək intermodal tranzit funksiyasıdır. Bu kontekstdə logistika proseslərinin rəqəmsallaşdırılması da mühüm əhəmiyyət kəsb edir və hazırda aktiv şəkildə həyata keçirilir",- o vurğulayıb.

Baş nazirin sözlərinə görə, Orta Dəhliz sadəcə alternativ marşrut deyil, Avropa ilə Asiya arasında yeni əlaqə standartıdır.

"Dəmir yolunun modernləşdirilməsi bu konsepsiyanın bir hissəsidir. Bu bizim rəqabət qabiliyyətimizi gücləndirir, tranzit potensialımızı artırır və Avropa ilə Asiya arasında yaxın illərdə daha da artacaq ticarət axınlarını qəbul etmək üçün möhkəm əsas yaradır. Hökumətimizin vəzifəsi nəticə etibarilə Orta Dəhlizi regionun ən etibarlı, təhlükəsiz və səmərəli dəhlizinə çevirməkdir", – deyə Kobaxidze bildirib.

Seçilən
63
far.az

1Mənbələr