ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
Suriyada son günlər baş verən hərbi qarşıdurmalar və gərginlik bölgədəki geosiyasi vəziyyətin nə qədər mürəkkəb olduğunu bir daha göstərir. Suriya ordusu ilə “Suriya Demokratik Qüvvələri” (SDQ) adlanan qruplaşma arasında yaşanan toqquşmalar, tərəflər arasında aparılan yüksək səviyyəli inteqrasiya danışıqları fonunda baş verib və regionda sülhün təmin olunmasına dair planların hələ də tam həyata keçmədiyini ortaya qoyur. Eyni zamanda, Türkiyənin və ABŞ-nin prosesdəki mövqeyi, İran və İsrailin maraqları, habelə İdlibdə humanitar vəziyyətin gərginliyi Suriyada stabilliyin bərpasının hələ uzaqda olduğunu göstərir. Bu hadisələr, həm də Suriyada uzunmüddətli və dayanıqlı həll yolunun vacibliyini bir daha aktuallaşdırır.
“Silahlı dəstələrinin tərksilahı qaçılmazdır”
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, Suriya ordusu ilə “Suriya Demokratik Qüvvələri” (SDQ) arasında baş verən irimiqyaslı silahlı qarşıdurma tərəflər arasında inteqrasiya ilə bağlı yüksək səviyyəli danışıqların getdiyi bir vaxtda yaşanıb. Bu, sözsüz ki, təəssü doğurur: “Xüsusilə də bu proses üçün müəyyən edilən vaxt çərçivəsinin başa çatmaq üzrə olduğu bir mərhələdə gərginliyin artması diqqətdən kənarda qalmamalıdır”.
O qeyd edib ki, eyni zamanda Türkiyə ordusunun Suriyanın SDQ-nin nəzarətində olan ərazilərinə doğru irəliləməsi və rəsmi Dəməşqə tabe qüvvələrin bu prosesdə Türkiyəyə dəstək verməsi tərəflərin maraqlarının müəyyən mərhələdə üst-üstə düşdüyünü göstərir: “Türkiyə rəhbərliyinin əsas məqsədi Suriyada kürd məsələsinin tam həllinə nail olmaqdır. Bu, Suriyadakı kürd silahlı dəstələrinin tərksilah edilərək Suriya milli ordusuna inteqrasiya olunması deməkdir. Belə bir yanaşma eyni zamanda Türkiyənin öz daxilində kürd probleminin uzunmüddətli və dayanıqlı həllinə də xidmət edir. Son gərginliyi Türkiyənin maraqlarına zidd mövqedən çıxış edən qüvvələrin bölgədə törətdiyi təxribat kimi qiymətləndirmək olar.Lakin bu cəhdlər uğursuzdur. Hazırda Suriyada gedən proseslər geridönməz xarakter alıb və artıq əvvəlki vəziyyətə qayıdış mümkün deyil.SDQ-nin Suriya ordusuna inteqrasiyası bu ilin sonunadək baş tutmasa belə, dialoq imkanları hələ də qalacaq. Suriyalı kürdlərlə mövcud ziddiyyətlərin sülh yolu ilə həll olunması üçün şanslar tükənməyib. Ankara Suriyadakı kürd silahlı dəstələrini terror təşkilatı və Türkiyənin milli təhlükəsizliyinə ciddi təhdid kimi qəbul edir və atılan addımlar bunun açıq mesajıdır. Bu strukturlar muxtar şəkildə mövcud olmaqdan imtina etməli və rəsmi Dəməşqə tabe olmalıdır”.
Tənzilə Rüstəmxanlının sözlərinə görə, Azərbaycan üçün Suriyada baş verən proseslərə münasibət də birmənalıdır: “Biz bu məsələdə qardaş Türkiyə dövlətinin maraqları ilə eyni mövqedən çıxış edirik”.
İdlibdə vəziyyət gərgindir
Millət vəkili Vüqar İsgəndərov diqqətə çatdırıb ki, Suriyanın İdlib bölgəsində baş verən gərginlik ümumilikdə Suriya münaqişəsinin uzun illər ərzində davam edən və hələ də bitməyən mürəkkəb siyasi və hərbi vəziyyətinin bariz nümunəsidir.
Onun sözlərinə görə, Suriya hakimiyyətinin möhkəmlənməsi, dövlətçiliyin formalaşdırılması, əhalinin digər ölkələrə qaçqın kimi getməsi və sonradan qayıtması prosesi ölkədə vəziyyətin hələ də tam stabilləşmədiyini göstərir: “Bu məsələdə Türkiyənin rolu xüsusi əhəmiyyət kəsb edir.
Türkiyə bütün gücü ilə Suriyada stabilliyi bərpa etməyə çalışır. Lakin təəssüf ki, hələ də bölgədə vəziyyəti tam nəzarət altına almaq mümkün olmayıb. 26 noyabr 2025-ci il tarixində İdlib vilayətində silah anbarında partlayış baş verib, nəticədə 5 mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb. O bildirib ki, hadisədən sonra bölgədə gərginlik davam edir və Suriya Demokratik Qüvvələri (SDQ) ilə hökumət qüvvələri arasında qarşıdurma hələ də müşahidə olunur. Bəşər Əsədin hakimiyyəti dəyişməsi və yeni hökumətin formalaşması, digər dövlətlərlə münasibətlərin normallaşdırılması regionda stabilliyə müsbət təsir göstərə bilərdi. Lakin qonşu ölkələrin, xüsusilə Türkiyə və İranın Suriyadakı maraqları, hələ də qeyri-stabilliyin davam etməsinə təsir edir.İran bəzi məsələlərdə qeyri-stabillik yarada bilirdi, amma son hakimiyyət dəyişikliyi ilə təsiri müəyyən qədər azaldılıb. Son İdlib hadisələri göstərir ki, Suriyaya marağı olan bəzi dövlətlər hələ də ölkədə demokratik sistemin tam formalaşmasına deyil, qeyri-stabilliyin davam etməsinə maraqlıdırlar”.
Deputat əlavə edib ki, bu qarşıdurmadan ən çox zərər çəkən mülki əhalidir və hal-hazırda İdlibdə humanitar vəziyyət ürək açan deyil:
“Bölgədə yaşayan insanlar ciddi təhlükə ilə üz-üzədir və beynəlxalq ictimaiyyətin diqqəti bu məsələyə yönəlməlidir”.
Günel Elxan
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.