AZ

Dünyaca məşhur telekanallar, qəzetlər Trampın hədələrinə qurban gedir...


ABŞ prezidenti Donald Tramp bir sıra Amerika televiziya kanallarını tənqid edərək, ona və Respublikaçılar Partiyasına qarşı mənfi münasibətlərinə görə həmin kanalalrın yayım lisenziyalarının ləğv edilməli olduğunu bildirib.

“Truth Social” səhifəsində Donald Tramp bildirib: “Əgər televiziya xəbər buraxılışları və onların axşam şouları prezident Donald Trampa, MAGA (Amerikanı Yenidən Böyük Edək) hərəkatına və Respublikaçılar Partiyasına qarşı demək olar ki, 100% mənfidirsə, onların son dərəcə dəyərli yayım lisenziyaları ləğv edilməməlidirmi? Mən “bəli” deyərdim!”. O, həmçinin CBS, ABC və NBC kanallarında gecə əyləncə proqramlarının aparıcılarını tənqid edərək, onları “istedad çatışmazlığı, yüksək maaşlar və son dərəcə aşağı reytinqlər” birləşdirdiyini söyləyib. Dekabrın 23-də Tramp həmçinin “The New York Times” qəzetini ABŞ-ın milli təhlükəsizliyinə təhdid adlandırıb . O bildirib ki, onların radikal solçu, balanssız davranışı və yalan xəbərləri dayandırılmalıdır. Qeyd edək ki, cari il oktyabrın 17-də Ağ Ev rəhbəri bu nəşrə qarşı ikinci 15 milyard dollarlıq böhtan iddiası qaldırıb . Bu, federal hakimin ilkin iddianı rədd etməsindən bir ay sonra baş verib. Yeni şikayət orijinaldan fərqlənir və 40 səhifədən ibarətdir. Tramp “The New York Times” qəzetinə qarşı ilk məhkəmə iddiasını sentyabrın 16-da qaldırıb . O, qəzeti Floridada məhkəməyə verməkdən çox şərəf duyduğunu və onu ABŞ tarixində ən pis və ən degenerativ qəzetlərdən biri olduğunu bildiribb. O, nəşrin Demokratlar Partiyasının ruporuna çevrildiyini iddia edir. Dekabr ayında Amerika Birləşmiş Ştatları prezidenti Britaniya Yayım Korporasiyası BBC-yə qarşı məhkəmə iddiası qaldıraraq , onu 2024-cü ildə kanalda yayımlanan “Panorama” sənədli filmində ifadələrini qəsdən təhrif etməkdə ittiham edib. Onun korporasiyaya qarşı ümumi iddiası 10 milyard dollar təşkil edir. Trampın adından Florida ştatının Cənub Dairəsi üzrə ABŞ Rayon Məhkəməsində qaldırılan iddiada deyilir: “Bu hərəkət BBC-nin “Panorama” sənədli filmində prezident Trampın yalan, böhtan xarakterli, yanlış, təhrikedici və zərərli təsvirlərindən irəli gəlir”. Tramp təqsirləndirilən şəxslərdən ən azı 5 milyard dollar təzminat tələb edir. O, həmçinin Florida “Aldadıcı və ədalətsiz ticarət təcrübələri” qanununun pozulması iddialarına görə 5 milyard dollar təzminat tələb edir. Bu, onun iddialarının ümumi məbləğini 10 milyard dollara çatdırır. ABŞ prezidentinin 2024-cü ildə BBC-nin “Panorama” sənədli filmində çıxışının təhrif olunması ilə bağlı tənqid dalğasından sonra BBC-nin baş direktoru Tim Deyvi və baş icraçı direktoru Deborah Turness 9 noyabrda istefa verdiklərini açıqlayıblar. “The Telegraph” qəzetinin məlumatına görə, Trampın 2021-ci ilin yanvar ayındakı çıxışı onun Kapitoli iğtişaşlarını qızışdırdığı barədə yalan təəssürat yaratmaq üçün təhrif edilib. Vəziyyəti şərh edən Amerika lideri BBC jurnalistlərini korrupsioner, korporasiya rəhbərliyini isə vicdansız adlandırıb.

Bu arada onu da qeyd edək ki, Tramp administrasiyası saxta xəbərlər yaymaqda ittiham olunan media qurumları üçün virtual utanc divarı açıb. Ağ Evin mətbuat katibi Kerolin Levitt qeyd edib: "Tramp administrasiyası insanları saxta xəbərlərə görə əvvəllər heç olmadığı qədər məsuliyyətə cəlb edir".

Ağ Evin veb saytında isə yeni bir bölmə peyda olub. Orada administrasiyanın yalan və yanlış məlumat verdiyinə inandığı jurnalistlər və nəşrlər sadalanıb. Bölmədə “The Washington Post”, “Axios” və CNN-nin adları da var. Cari ilin iyun ayında ABŞ prezidenti MSNBC və CNN-i "zibil" adlandırıb və onları saxta xəbərlər yaymaqda günahlandırıb. Tramp iddia edir ki, istinad etdiyi şəbəkələr onun İranın nüvə obyektlərinin tamamilə məhv edildiyi iddiasını şübhə altına alıb. O, həmçinin jurnalistləri hədəflərə zərbə endirən pilotlardan üzr istəməyə çağırıb: “İran bir daha nüvə proqramını bərpa etməyəcək. Əlbəttə. Hər şey məhv edilib. B-2 pilotları öz missiyalarını yerinə yetiriblər”. baş verənlər ABŞ-da media azadlığı və siyasi təzyiq mövzusunda yeni müzakirələrə yol açıb. Tənqidçilər Trampın açıqlamasını müstəqil mediaya təzyiq cəhdi kimi qiymətləndirir, tərəfdarları isə bunun qərəzli informasiya siyasətinə cavab olduğunu bildirirlər. Trampın mediaya qarşı mövqeyi onun siyasi fəaliyyətinin ən çox müzakirə olunan və diqqət çəkən cəhətlərindən biridir. O, həm ABŞ-da, həm də beynəlxalq aləmdə ənənəvi media qurumlarına açıq və sərt tənqidi münasibəti ilə seçilən nadir siyasi liderlərdəndir. Onun mediaya qarşı apardığı mübarizə təkcə şəxsi narazılıq deyil, eyni zamanda siyasi strategiyanın və populist yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilir. Mediaya qarşı sərt ritorika Tramp üçün həm üstünlük, həm də risk mənbəyidir. Bir tərəfdən, bu mövqe onun “sistemə qarşı çıxan lider” obrazını gücləndirir və anti-elitist seçici kütləsinin dəstəyini artırır. Digər tərəfdən isə mətbuat azadlığı, demokratik institutlar və informasiya təhlükəsizliyi ilə bağlı ciddi mübahisələrə yol açır. Trampın bəzi jurnalistləri “xalq düşməni” kimi təqdim etməsi ABŞ-da və beynəlxalq təşkilatlar tərəfindən söz və mətbuat azadlığına təhdid kimi qiymətləndirilir.

Nahid SALAYEV

Seçilən
16
baki-xeber.com

1Mənbələr