AZ

“Gələn il üçün əsas hədəf sosial təyinatlı yaşıl zonaların, parkların, xiyabanların, seyrəngahların salınmasıdır”

ain.az, Bizimyol saytına istinadən bildirir.

Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyası Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması hansı daha vacib sayılan işlərə yönələcək ?Digər şəhərlərdə - Sumqayıt, Gəncə, Mingəçevirdə – şəhərsalma və memarlıq baxımından hansı çağırışlar var?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına memar Cahid Həsənov bildirib ki, Memarlıq və Şəhərsalma İli yalnız memarların deyil, bütün Azərbaycan cəmiyyətinin sevincidir və eyni zamanda uğurudur: “2026-cı ilin Memarlıq və Şəhərsalma İli elan olunması yalnız memarların deyil, bütün Azərbaycan cəmiyyətinin sevincidir və eyni zamanda uğurudur. Bu qərar təkcə dövlət büdcəsi və baş plan üzrə illik layihələr çərçivəsində deyil, həm də ilk dəfə olaraq özəl sektora - memarlıq studiyalarına, dizaynerlərə, konstruktorlara, hətta ekologiya üzrə mütəxəssislərə geniş imkanlar yaradır. Artıq bütün bu sahələrin nümayəndələri üçün “açıq qapı” prinsipi ilə əlaqədar qurumlara öz layihə və təklif paketlərini təqdim etmək imkanı yaranıb. Bu, çox uğurlu bir hadisədir. Məqsəd təkcə şəhərlərin baş planına uyğun bina tikintisi və yaşayış massivlərinin artırılması deyil. Burada həm də yaşıl zonaların genişləndirilməsi, inzibati binaların müasir tələblərə uyğun yenilənməsi, memarlıq və şəhər mühitinin keyfiyyətcə yüksəldilməsi nəzərdə tutulur. Bu təşəbbüs yeni yanaşmalar üçün geniş meydan açır və istənilən mütəxəssis bu prosesə töhfə verə bilər.

Fasadların dəyişdirilməsi - yəni binaların üzlüklərinin sürətli şəkildə layihələndirilib estetik tərtibata uyğun yenilənməsi - şəhərə yeni nəfəs verəcək.

Müəssisə və idarələr yalnız daxili deyil, xarici görünüş baxımından da şəhər mühitinə töhfə verməlidirlər. Ərazilərdə məhəllədaxili parklar və yaşıl zolaqların artırılması da önəmlidir.

Özəl sektorun inşa etdiyi hotellər, yaşayış binaları, marketlər, kafe və restoranlar artıq daha fərqli yanaşma ilə layihələndirilməlidir. Əgər əvvəllər tikintiyə orta səviyyəli layihələrlə yanaşılırdısa, bu ildən daha güclü, əzəmətli layihələr, peşəkar memarların iştirakı ilə hazırlanmalıdır.

Dövlət proqramları çərçivəsində həyata keçirilən tikililərlə yanaşı, özəl sektor da yüksək keyfiyyətli layihələrlə bu prosesə qatılmalı və bu il ölkədə milli memarlıqda sıçrayış ili kimi yadda qalmalıdır.

Əlaqədar qurumlar yaradıcı şəxslərlə - layihə institutlarında yox, özəl studiyalarda çalışan memar və dizaynerlərlə “açıq qapı” formatında əməkdaşlıq etməli, körpü yaratmalıdır. Yaradıcı ideyaların və müasir memarlığın dəstəkləndiyi bu il ölkəmizin həm memarlıq, həm də şəhərsalma sahəsində yeni, əsrarəngiz layihələrlə tanınacağı bir dövr olacaq”.

memar Cahid Həsənov

Cahid Həsənov vurğulayıb ki, bütün dünya cəmiyyəti ilə birlikdə biz də yaşıl şəhər, yaşıl kənd, yaşıl məhəllə, yaşıl qəsəbə konsepsiyasına keçid dövrünə qədəm qoymuşuq: "İstər Bakı, istər Sumqayıt, Mingəçevir və digər şəhər və rayonlarımızın üzləşdiyi problem var. Ona görə bu gün memarların üzərinə böyük məsuliyyət düşür. Çünki bütün dünya cəmiyyəti ilə birlikdə biz də yaşıl şəhər, yaşıl kənd, yaşıl məhəllə, yaşıl qəsəbə konsepsiyasına keçid dövrünə qədəm qoymuşuq. 2026-cı ildə bu istiqamətdə konkret addımlar atılmalıdır.

Əsas hədəf - sosial təyinatlı yaşıl zonaların, parkların, xiyabanların, seyrəngahların salınmasıdır. Bu işlər sadəcə vacib deyil, zəruridir. Azərbaycanın COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi etməsi, həmçinin “Memarlıq və Şəhərsalma İli” ilə üst-üstə düşməsi memarlıq sahəsində yeni hədəflərin müəyyənləşdirilməsini qaçılmaz edir. Bu məqsədlə əlaqədar qurumlar açıq şəkildə memarların qarşısında hansı tələblərin olduğunu deməlidirlər. Çünki müasir dövrün memarlıq standartları artıq yaşıl şəhər yanaşmasına əsaslanır. Yaşıl şəhər anlayışı təkcə park və yaşıllıqlarla məhdudlaşmır - burada binaların fasadlarının rəngindən tutmuş, şəhər estetikasına və ekologiyasına qədər hər detal nəzərə alınmalıdır."

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
bizimyol.info

1Mənbələr