ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib ki, "alim" adını yalançı alimlərdən qorumaq lazımdır". Nazir bildirib ki, elm adamlarının hamısı kimin necə alim olduğunu bilir: “Bunu açıq şəkildə deməliyik. Alimlərin bir-birinə münasibəti dürüst deyil, bu öz nüfuzlarını da qorumağa imkan vermir. Alim adını yalançı alimlərdən qorumaq lazımdır. Layiq olmayan insanlara layiq olmadığı adları verməyin sonu yaxşı deyil. Son illər işlər görülür, amma inzibati qaydada tənzimləmək çətindir”. Nazir vurğulayıb ki, xaricdə məqaləsi olmayan özünə alim deməyə utanmalıdır: "Son beş ildə məqaləsi olmayan alim utanmalıdır. Məqaləsi olmayan, istinadı olmayan adamın özünə alim deməsi ayıbdır".Alim adının verilməsində hansı meyarlar əsas götürülməlidir ki, "yalançı alimlər" ön plana çıxmasın?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, məsuliyyət təkcə dövlətin deyil, akademik icmanın üzərinə düşür: “Bu çıxış elm mühitində uzun müddət səssiz şəkildə müzakirə olunan, lakin açıq formada nadir hallarda səslənən sistemli problemə bir növ işarə edir. Ümumiyyətlə, Emin Əmrullayevin çıxışı təkcə fərdi alimlərə yönəlmiş tənqid deyil, bütövlükdə elm sisteminin legitim böhranına işarədir.
Birinci əsas məqam; alim anlayışının devalvasiyasıdır, yəni elmi fəaliyyət real nəticələrə, beynəlxalq səviyyədə tanınan məqalələr, istinadlar və davamlı tədqiqatlarla ölçülməyən şəxslərin bu adı daşıması mən düşünürəm ki, anlayışın özünü dəyərsizləşdirir. Həm də nazir faktiki olaraq bildirir ki, elmi sahəsində formal status yox, davamlı məhsuldarlıq və rəqabət qabiliyyəti tələb edir. Bu yanaşma elmin qlobal standartlarla ölçülməsi baxımından da haqlı bir çıxışdır.
İkinci mühüm məqam; elmi etika və həmrəylik problemidir. Əmrullayevin “alimlərin bir-birinə münasibəti dürüst deyil” fikri mən düşünürəm ki, akademik mühitdə qarşılıqlı güzəşt, susqun razılaşma və formal dəstək mexanizmlərinin mövcudluğuna bir növ işarə edir. Bu isə həm keyfiyyətsiz kadrların sistemdə qalmasına, həm də həqiqi alimlərin nüfuzunun zədələnməsinə səbəb olur.
Üçüncü aspekt düşünürəm ki, burda inzibati tənzimləmənin məhdudluğudur. Nazir özü də etiraf edir ki, problemi yalnız inzibati yolla həll etmək çətindir. Bu da məsuliyyətin təkcə dövlətin deyil, akademik icmanın üzərinə düşdüyünü də göstərir. Yəni elmi şuralar, rəyçilər, universitetlər, tədqiqat institutları öz daxili mexanizmlərini işlək hala gətirməlidirlər. Eyni zamanda “son 5 ildə elmi məqaləsi olmayan alim utanmalıdır” ifadəsi əslində sərt səslənir, amma məqsəd burda təhqir yox, məsuliyyət hissini artırmaqdır. Lakin burda risk də var. Yalnız məqalə sayına fokuslanmaq elmin keyfiyyət tərəfini kölgədə qoya bilər. Burda əsas məsələ, təkcə məqalənin mövcudluğu yox, onun təfsiri, stat indeksi və real elmi töhfəsidir. Nəticə etibarilə bu çıxış elmi istehsalatın təkcə strukturu, dəyişiklikləri ilə deyil həm də, mədəniyyət dəyişikliyi ilə mühüm olduğunu göstərir. Alim adının qorunması üçün şəffaf meyarlar, ictimai hesabat və akademik cəsarət lazımdır. Düşünürəm ki, əks halda bu titul qalacaq, amma elm özü zəifləməyə davam edəcək”.
Rizvan Fikrətoğlu
Rizvan Fikrətoğlu vurğulayıb ki, bir dəfə yazılmış məqalə alimlik üçün yetərli olmamalıdır: “Ümumiyyətlə yalançı alimlərin çıxarılmasının qarşısını almaq üçün alim adı formal titullarla yox, ölçə bilən şəffaf və davamlı elmi fəaliyyətə əsaslanmalıdır. Burada əsas meyarlar məsələn, düşünürəm ki, əsas baza elmi məhsuldarlıq göstərilməlidir. Yəni alim adı yalnız real elmi istehsalatın nəticəsi olmalıdır. Son 5 ildə nüfuzlu, beynəlxalq elmi jurnallarda dərc olunmuş məqalələr əsas meyar kimi götürülməlidir. Burada vacib olan məqam məqalələrin təkrarlanan mövzulara deyil, elmi sistem və tədqiqat xəttinə əsaslanmasıdır. Jurnalların beynəlxalq bazalarda indekslənməsi də önəmli şərtlərdəndir. Konfrans tezisləri və yerli jurnallarda çap olunan yazılar isə əsas meyar yox, tamamlayıcı faktor sayılmalıdır.
Ümumiyyətlə, bir dəfə yazılmış məqalə düşünürəm ki, alimlik üçün yetərli olmamalıdır. Bir məqalə ilə alim olmaq olar? Burda elmi təfsir söhbəti var. Keyfiyyət göstəricisi - yəni digər alimlər tərəfindən verilən istinadlar. Məsələn, bizim bu alimimizə istinad etsinlər. “H” indeks kimi beynəlxalq qəbuledilən göstəricilər. Məsələn, sahəyə uyğun burda diferensial yanaşma olmalıdır. Məqalələrin real diskussiyalara təsiri olmalıdır. Əgər heç kim məqaləni oxumursa, bu fəaliyyət elmi təfsir sayıla bilməz. Həmçinin burda davamlı və aktuallıq da saxlanmalıdır. Alim keçmiş uğurla yox, cari fəaliyyətlə ölçülməlidir. Yəni son illərdə aktın tədqiqat fəaliyyəti, yeni metodologiyalarla işləmək bacarığı, sahəsində beynəlxalq yenilikləri izləmə və tətbiq eləmə - ümumiyyətlə 10-15 il əvvəlki işlərlə alim statusunu qorumaq da düzgün deyil. Eyni zamanda burda akademik etika və dürüstlük də önəmlidir. Yəni yalançı alimlərin əsas zəif nöqtəsi etikadır. Adam plagiatlıq edir, cəzalandırılmır. Yaxud saxta jurnallarda dərc olunmuş məqalələrin nəzərə alınmaması ki, bu saxtadır, yəni saxta jurnalda məqalə dərc edir və ya özü-özünə istinad edir. Bu da süni istinad sayını artırır. Burda etik pozuntu, elmin itirilməsinə səbəb olmalıdır. Beynəlxalq elmi inteqrasiya məsələsi var. Alim burda lokal qapana bilməz. Xarici tədqiqatçılarla birlikdə işləməlidir. Beynəlxalq layihələrdə iştirak etməlidir. Xarici rəyçilər onu qiymətləndirməlidir. Qapalı sistemdə verilən alim adları risklidir.
Ümumiyyətlə, elmi icma qarşısında bunun hesabatlılığı olmalıdır. Alim yalnız dövlətə yox, mən düşünürəm ki, bu elmi icmaya da cavabdeh olmaalıdır. Açıq müdafiələri, açıq müzakirələri, müstəqil ekspert rəyinin həlledici rolu olması, “hamı bilir, amma demir” mədəniyyətinin aradan qaldırılması kimi. Susqun razılaşma yalançı alimləri qoruyan əsas mexanizmlərdən biridir. Həmçinin burda sahəyə uyğun diferensial yanaşma olmalıdır. Bütün sahələr üçün eyni meyar tətbiq etmək yanlışdır. Məsələn, texniki və təbiət elmlərində burda indeksli jurnallara istinad olunmalıdır. Humanitar və sosial elmlərdə monoqrafiya, konseptual töhfə, beynəlxalq rəy olmalıdır. İncəsənət və tətbiqi sahələrdə praktiki nəticəyə verməyə əsaslandırma olmalıdır. Yəni meyarlar sərt yox, müəyyən qədər ədalətli olmalıdır. Mən düşünürəm ki, alim adı verilən yox, qazanılan ad olmalıdır. Həmçinin ömürlük olmamalıdır, davamlı təhsil almalıdır. “Mən alim oldum, ömürlük aliməm” olmamalıdır. Burda formal yox, ictimai məsuliyyət daşıyan status olmalıdır. Bu prinsiplə düşünürəm ki, tətbiq olunarsa, "yalançı alimlər" sistemdən təbii şəkildə kənarlaşar, həqiqi alimlər nəhayət ki, görünən və qorunan mövqeyə sahib olarlar. Qeyd edim ki, alimlərin maaşında da artmalar olsa, daha yaxşı olar”.
Günel Həsənova, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.