AZ

Süni intellektin tədrisi ibtidai siniflər üçün uyğundurmu? -Əməkdar müəllim AÇIQLADI

"Aparılan akademik araşdırmalar göstərir ki, erkən yaşlarda texnologiya ilə tanışlıq uşaqların rəqəmsal savadlılığını artıra bilər. Lakin bu tanışlıq elmi və pedaqoji baxımdan mütləq şəkildə uşaqların yaş xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır".

Bu fikirləri Redaktor.az-a Əməkdar müəllim, təhsil eksperti Sona Əliyeva süni intellektin ibtidai siniflərdə tərdrisinin mümkün olub-olmadığından danışarkən bildirdi.

Onun sözlərinə görə, ibtidai sinifdə təhsil alan uşaqlar hələ abstrakt düşüncə mərhələsində olmadıqları üçün süni intellektin texniki, akademik və ya proqramlaşdırma yönümlü tədrisi onların idrak imkanı xaricindədir:

"Bu yaş dövründə uşaqlar daha çox konkret, müşahidəyə əsaslanan və emosional yolla öyrənirlər. Əgər belə bir təcrübə qoysaq görəciyik ki, ibtidai sinif şagirdləri texnologiyanı onu düşünən və qərar verən bir varlıq kimi qavrayır. Bu halda da tənqidi düşünmə zəifləyir, hazır cavablara meyillilik yaranır. Odur ki, süni intellektin bu mərhələdə fənn kimi tədrisi deyil, mövzu kimi izah edilməsi daha məqsədəuyğundur. İbtidai sinifdə uşaqlara süni intellektin nə olduğu nağıl, hekayə, gündəlik həyat nümunələri vasitəsilə izah etmək olar. Əsas vurğu texnologiyanın insana xidmət edən bir alət olması, onun düşünmədiyi, qərar vermədiyi, yalnız insan tərəfindən yönləndirildiyi fikri üzərində qurulmalıdır. Bu mərhələdə məqsəd proqram öyrətmək deyil, uşaqlarda məsuliyyətli yanaşma, etik düşüncə və sağlam texnologiya münasibəti formalaşdırmaqdır".

Əməkdar müəllumin fikrincə, akademik və strukturlaşdırılmış süni intellekt tədrisinə isə daha sonrakı mərhələlərdə, təxminən V–VI siniflərdən etibarən başlamaq olar.

"Bu dövrdə uşaqlarda abstrakt düşüncə, məntiqi analiz və səbəb-nəticə əlaqəsi qurmaq bacarıqları formalaşmağa başlayır.
Süni intellektin həyatımızın bir parçasına çevrildiyi bir dönəmdə, artıq erkən yaşlardan uşaqlarda texnologiyaya qarşı doğru, tənqidi münasibət və etik şüur formalaşdırmaq son dərəcə vacibdir. Texnologiya uşağı idarə etməməlidir, uşaq texnologiyanı dərk etməlidir. Bu balansı qoruya bilsək, süni intellekt təhsilin inkişafına real töhfə verə bilər", - deyə Sona Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
43
1
redaktor.az

2Mənbələr