AZ

Orban: Avropa İttifaqı dağılma prosesinə daxil olub

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqında (Aİ) parçalanma və dezinteqrasiya prosesinin getdiyini bildirib. O, Brüsseldəki bürokratik idarəetmənin “imperiya qurmaq” cəhdlərinin üzv ölkələr arasında uyumu zəiflətdiyini vurğulayıb.

Editor.az xəbər verir ki, Macarıstan hökumətinin başçısı Viktor Orban Magyar Nemzet qəzetinə müsahibəsində Avropa İttifaqının dağılma mərhələsinə qədəm qoyduğunu qeyd edərək, Birliyi “qaldırdığı ağırlığı tarazlaya bilməyib sonda yerə salan ağır atlet”ə bənzədib.

“Hazırda Avropa İttifaqı parçalanma prosesindədir. Brüsseldəki bürokratiya imperiya qurmaq cəhdlərini artırdıqca, eyni zamanda dezinteqrasiya dərinləşir”, – deyə Orban bildirib.

Aİ-nin idarəetmə mexanizmini tənqid edən Baş nazir qeyd edib ki, qərarlar Brüsseldə qəbul olunsa da, üzv dövlətlər tərəfindən icra edilmir: “Əvvəlcə bir ölkə qərarı tətbiq etmir, sonra iki, daha sonra üç ölkə. Nəticədə qəbul edilən qərarlar kağız üzərində qalır. Bu isə mərkəzi hakimiyyətin faktiki olaraq zəiflədiyini göstərir. Mövcud vəziyyət qaldırdığı halteri tarazlaya bilməyən və sonda onu yerə salan ağır atletə bənzəyir”.

Viktor Orban daha əvvəl də Aİ-nin hazırkı iqtisadi siyasətini davam etdirəcəyi təqdirdə “günlərinin sayılı” olacağını, Birliyin öz-özünə dağılacağını və bu səbəbdən Aİ-dən çıxışla bağlı müzakirələrin əhəmiyyətini itirəcəyini söyləmişdi. O, radikal dəyişikliklər üçün iki-üç illik zaman pəncərəsinin mövcud olduğunu vurğulayaraq, Brüsseldəki liberal hakimiyyətlərin “vətənpərvər hökumətlərin” nümayəndələri ilə əvəzlənməyəcəyi təqdirdə “Avropanın hər kəsin gözü qarşısında dağılacağını” iddia edib. Orban bu kontekstdə ABŞ-da baş verən siyasi təmizləmələrə bənzər proseslərə ehtiyac olduğunu da dilə gətirib.

Macarıstanın Baş naziri, həmçinin 500 illik Qərb dominantlığı dövrünün başa çatdığını, dünyanı tam şəkildə “Qərbləşdirmə” strategiyasının iflasa uğradığını və qlobal iqtisadi ağırlıq mərkəzinin Şərqə doğru sürətlə dəyişdiyini bildirib. Onun sözlərinə görə, “qarşıdakı yüzillik Avrasiya əsri olacaq”.

Orban əlavə edib ki, liberal dünya düzəni sona çatır və bu dəyişikliklərdən ən çox öz imkanlarından maksimum istifadə edən, milli dəyərlərini qoruya bilən ölkələr fayda görəcək, bunu bacarmayanlar isə itirən tərəf olacaq.

//Gülnarə Abasova, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr