“Türk faktoru, geopolitik faktor olaraq gündəmdə qalır. Türk dünyasının gələcəkdə digər güc mərkəzləri ilə bağlı mövqeyi və regional təsiri də diqqət çəkəcək məsələlərdən biridir...”
Bu günlərdə “Reuters” agentliyi Pentaqonun, yəni ABŞ Müdafiə Nazirliyinin yayımladığı yeni hesabatını yayıb. Hesabata görə, Çin silah, xüsusilə raket və nüvə arsenalını sürətlə gücləndirir və genişləndirir. Belə ki, ölkənin Monqolustan sərhədinə yaxın ərazilərində 100-dən çox qitələrarası ballistik raket yerləşdirilib. Çinin nüvə başlıqlarının 2024-cü ildəki 600 səviyyəsindən 2030-cu ilə qədər 1000 döyüş başlığına qədər artıracağı proqnozlaşdırılıb.
Mövzu ilə bağlı digər faktlar da sadalanıb. Bir sözlə, Çin raket istehsalında dünya lideri ABŞ-la rəqabət içindədir.
Həmçinin son vaxtlar raket istehsalı sahəsində Çinlə əməkdaşlıq edən İran da İsraillə 12 günlük müharibədən sonra ballistik raket istehsalını müharibədən əvvəlki səviyyəyə çatdırmağa çalışır.
Görəsən, bütün bu informasiyalar fonunda planetdəki hərbi-siyasi proseslərin, o cümlədən Rusiya-Ukrayna savaşının gələcəyi necə görünür?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov bunları söyləyib:
“Biz görürük ki, gərginləşmə prosesi dünya gündəmində sanki siyasi trendə çevrilməkdədir. Özü də bu yalnız Pentaqonun diqqət mərkəzinə gətirdiyi Çinin silah arsenalını gücləndirməsi ilə bağlı deyil. İstər Avropa dövlətlərinin müdafiə büdcələri, istərsə də regiondakı cənub qonşumuz İranın fəaliyyəti buna nümunə ola bilər. O cümlədən şimal qonşumuz Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir və burada silah istehsalı əsas məsələlərdən biridir. Elə son illər Azərbaycan da müdafiə sahəsinə böyük sərmayələr qoyur. Bir sözlə, hərbi-siyasi proseslərin gərginləşməsi gündəmin vacib mövzularındandır. Dövlətləri bu məsələlərə diqqət yetirməyə vadar edən bir sıra səbəblər var. Lakin bu, ümumilikdə dünya üzrə mövcud olan bir trenddir...
Gələcəyə baxdıqda isə dünyada çoxmərkəzli bir sistemin formalaşdığını görürük. Əvvəlki dövrlərdə dünya daha çox kollektiv Qərb və SSRİ-nin rəhbərlik etdiyi sosializm sistemlərindən ibarət ikiqütblü mərkəzdən ibarət idi. İndi isə kollektiv Qərb də ABŞ-a və Avropaya bölünməkdədir. Və artıq Qərbə qarşı Rusiya, Çin və bir sıra regional ölkələr özlərini alternativ mərkəzlər kimi görürlər. Aralıq dənizində rəqabət aparan ölkələrin sayı çoxalıb. Cənubi Asiya regionunda gərginlik və hətta müharibə şəraiti mövcuddur. Və s. Yəni bu qütbləşmə artıq reallıqdır və əsasən Qərb və ona qarşı yüksələn güc mərkəzləri formalaşmaqdadır. Rusiya-Ukrayna müharibəsi də bu prosesin bir tərkib hissəsidir. Və həmin müharibənin necə bitəcəyi və Rusiyanın hansı mərkəzin yanında olacağı əsas suallardan biridir...
Yaxın Şərqdə də ayrı-ayrı mərkəzlərin müxtəlif siyasi və iqtisadi maraqlarının qarşıdurması, regional güclərin öz mövqelərini qorumağa çalışması da diqqətəlayiqdir. Çinin bu bölgədə də fəallaşması hamının gözü qarşısındadır...
Azərbaycan da bütün bu geopolitik proseslərin mərkəzindədir, ən azı ona görə ki, həm şimalda, həm də cənubda real müharibə və ya potensial müharibə vəziyyəti mövcuddur. Rusiya-Ukrayna müharibəsi və İsrail-İran gərginliyi regionun təhlükəsizliyini təsir edir.Eyni zamanda, artıq Rusiya-Ukrayna hərbi əməliyyatlarının Xəzər dənizində də keçirildiyini görürük.
Bu vəziyyət bölgədə yeni geopolitik oyunçunun formalaşmasına da səbəb olur. Mən Türk Dövlətləri Birliyinin nəzərdə tuturam. Və ümumiyyətlə, Türk faktoru, geopolitik faktor olaraq gündəmdə qalır. Türk dünyasının gələcəkdə digər güc mərkəzləri ilə bağlı mövqeyi və regional təsiri də diqqət çəkəcək məsələlərdən biridir.
Bir sözlə, planetdə geopolitik proseslər davam edir. Və daima, istər qədim və orta dövrlərdə, istər 19-cu və 20-ci əsrdə, istərsə də bu gün- 21-ci əsrdə dəyişikliklər əsasən münaqişələr və hətta müharibələr vasitəsilə həyata keçir. Dünya siyasətində hər zaman dinamika mövcuddur, və bu, son illər də fərqli mərkəzlər arasındakı gərginliklərlə özünü göstərir...
Onun da nəzərə almaq gərəkdir ki, indi dünyada texnoloji baxımdan üç əsas mərkəz formalaşır: Avropa, ABŞ və Çin. Bu mərkəzlərin hər biri öz sahəsində liderdir və gələcəkdə bu mərkəzlər arasındakı münasibətlər və əlaqələr də daha da mürəkkəbləşəcək. Hər bir mərkəz öz maraqlarını qoruyaraq, digər mərkəzlərlə müxtəlif strateji əlaqələr quracaq. Çin və ABŞ arasındakı rəqabət, bu mərkəzlərin gələcək inkişafını formalaşdıracaq.
Bu proseslərə ABŞ-ın mövqeyi, xüsusən Donald Trampın xarici siyasətindəki dəyişikliklər də təsir edəcək. Gələcəkdə hansı ölkələrin bir-birinin yanında olacağı və dünya düzəninin necə qurulacağı suallarını hələ də cavablandırmaq çətindir...”