Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən ikitərəfli görüş regionda gedən mürəkkəb geosiyasi proseslər fonunda diqqətlə izlənildi.
Görüş Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının iclası və MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakı çərçivəsində baş tutsa da, əsas maraq doğuran məqam onun Azərbaycan-Ermənistan sülh prosesi ilə mümkün əlaqələri oldu. Rəsmi açıqlamalarda tərəflər Rusiya-Ermənistan münasibətlərinin inkişafından, ticarət dövriyyəsinin artmasından, enerji və nüvə sahəsində əməkdaşlıq perspektivlərindən danışdılar. Paşinyanın Azərbaycanla sülhün Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacağını vurğulaması isə görüşün siyasi mesaj yükünü daha da artırdı.
Mövcud reallıq göstərir ki, Paşinyan-Putin danışıqları Azərbaycan-Ermənistan sülh prosesinə birbaşa və həlledici təsir göstərmək gücündə deyil. Bunun əsas səbəbi Rusiyanın Cənubi Qafqazdakı rolunun əvvəlki illərlə müqayisədə ciddi şəkildə dəyişməsidir. Ukrayna müharibəsi, Qərblə qarşıdurmanın dərinləşməsi və regionda Türkiyə-Azərbaycan tandeminin güclənməsi Moskvanın manevr imkanlarını xeyli məhdudlaşdırıb. Artıq Rusiya sülh prosesinin əsas aparıcı qüvvəsi deyil və daha çox kənarda qalmaq risqindən ehtiyat edərək "prosesdə iştirakını" qorumağa çalışır. Bu baxımdan Moskva üçün əsas prioritet sülhün məzmunundan çox, regional təsir imkanlarının tam itirilməməsidir.
Paşinyanın verdiyi mesajlar da bu balansın fərqində olunduğunu göstərir. Onun Azərbaycanla sülhün Rusiya ilə münasibətlərə müsbət təsir göstərəcəyini deməsi Moskvanı sakitləşdirməyə, sülh prosesinə açıq maneə yaratmamağa təşviq etməyə hesablanıb. Eyni zamanda, bu açıqlama Ermənistanın Qərbə doğru atdığı addımlar fonunda Rusiyaya “tam qapını bağlamadığını” nümayiş etdirmək cəhdi kimi də qiymətləndirilə bilər. Paşinyan açıq şəkildə göstərir ki, sülh prosesi Rusiyanın maraqlarına zidd deyil və əksinə, yeni əməkdaşlıq imkanları yarada bilər. Ötən ildən fərqli olaraq, Paşinyanın bu il sözügedən tədbirlərdə iştirak etməsinin özü də Kremilin əsəb gərginliyini azaltmaq məqsədi daşıyır.
Putinin açıqlamalarında isə diqqət daha çox iqtisadi və enerji əməkdaşlığına yönəlib. Görüşdə Putinin ticarət dövriyyəsinin artması (əslində ticarət dövrîyyəsi 70% azalıb), nüvə enerjisi də daxil olmaqla enerji sektorunda perspektivli proqramlardan danışması Moskvanın Ermənistanla münasibətlərdə praktik və iqtisadi maraqları ön plana çəkdiyini göstərir. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında bağlanması gözlənilən sülh müqaviləsi Rusiya üçün ikinci dərəcəli məsələ kimi görünür. Bu belə də olmalıdır, çünki bu iki ölkə arasında cərəyan edən münaqişə tarixən məhz Kremlin memarlığı ilə formalaşıb, onun "şah əsəridir". İndi isə Kreml üçün əsas məsələ regionda müəyyən təsir rıçaqlarını qorumaq və tam kənarlaşdırılmamaqdır.
Sülh prosesinin real dinamikası isə başqa platformalarda formalaşır. Bakı ilə İrəvan arasında birbaşa təmaslar, Brüssel və Vaşinqton kimi Qərb platformaları, eləcə də Türkiyənin dolayı siyasi dəstəyi prosesin əsas istiqamətlərini müəyyənləşdirir. Bu mənzərədə Paşinyan-Putin görüşü prosesi sürətləndirmir, lakin Rusiyanın açıq şəkildə maneə yaratmaq ehtimalını azalda bilər. Yəni bu cür təmaslar daha çox Moskvanın kənarda qalmaq qorxusunu yumşaltmaq funksiyası daşıyır.
Bununla belə, Rusiya yalnız o halda sülh prosesinə ciddi maneə törədə bilər ki, ortaya çıxan razılaşma Moskvanın Cənubi Qafqazdakı strateji maraqlarını açıq şəkildə zəiflədərək onu tam kənarda qoysun. Əgər sülh sazişi yalnız Qərb platformalarında formalaşsa və Rusiyanın vasitəçi, müşahidəçi və ya təhlükəsizlik aktoru kimi rolu nəzərə alınmasa, Kreml bunu geosiyasi məğlubiyyət kimi qəbul edə bilər. Bu zaman prosesin ləngidilməsi, diplomatik təzyiqlər və ya texniki əngəllər gündəmə gələ bilər. Eyni yanaşma Rusiya sülhməramlılarının bölgədən nəzarətsiz və sürətli şəkildə çıxarılması halında da mümkündür. Bu, Moskva üçün təsir rıçaqlarının itirilməsi deməkdir və Ermənistan üzərindən təzyiq mexanizmlərinin işə salınmasına yol aça bilər.
Digər risq Ermənistanın sülh prosesi fonunda sürətlə Qərbə inteqrasiya etməsidir. KTMT-dən faktiki uzaqlaşma, Aİ və NATO ilə təhlükəsizlik sahəsində dərin əməkdaşlıq Rusiyada “arxa bağçaya müdaxilə” kimi qəbul oluna bilər. Bundan əlavə, regional kommunikasiyaların, xüsusilə Zəngəzur istiqamətində nəqliyyat xətlərinin Rusiyanın iştirakı olmadan formalaşması Moskvanın iqtisadi və strateji maraqlarına zərbə kimi dəyərləndirilə bilər. Daxili siyasi problemlər və beynəlxalq təcrid fonunda Kreml regionlarda təsir nümayişinə ehtiyac duyarsa, sülh prosesini ləngitmək daxili auditoriya üçün də alətə çevrilə bilər.
Azərbaycan isə bu riskləri balanslaşdırmaq üçün çoxşaxəli strategiya yürüdür. Bakı Moskva ilə münasibətləri tam qoparmır, ritorikada balans saxlayır və Rusiyanın regiondan tam sıxışdırılması görüntüsü yaratmamağa çalışır. Eyni zamanda, sülh prosesini faktiki reallığa çevirmək üçün sərhədlərin delimitasiyası, suverenliyin tanınması və kommunikasiyaların açılması kimi məsələləri geridönməz mərhələyə gətirməyi hədəfləyir. Paralel diplomatiya Azərbaycan üçün əsas alətlərdən biridir: Rusiya, Türkiyə, Aİ və digər regional aktorlarla eyni vaxtda işləmək heç bir tərəfin prosesə veto qoymasına imkan vermir. Hərbi və siyasi üstünlüyün qorunması isə “təhlükəsizlik vakuumu” arqumentlərini zəiflədir və sülhü seçimdən çox nəticəyə çevirir.
Nəticə etibarilə Paşinyan-Putin danışıqları Azərbaycan-Ermənistan sülh prosesinə müsbət, lakin məhdud təsir göstərən amil kimi qiymətləndirilə bilər. Bu görüş prosesi irəli aparmır, lakin onun qarşısında kəskin maneələrin yaranması ehtimalını azaldır. Rusiya sülhə prinsip etibarilə qarşı olmasa da, prosesdə iştirakını və təsir imkanlarını qorumağa çalışır. Azərbaycanın strategiyası isə sülhü elə mərhələyə çatdırmaqdır ki, heç bir xarici güc onu geri çevirmək imkanına malik olmasın.
Akif NƏSİRLİ