Almaniya klublarının keçmiş müdafiəçisi Sebastian Hertner 34 yaşında xizək qəzasında vəfat edib.
İdman.Biz bildirir ki, bu barədə “Ştutqart” klubunun mətbuat xidməti sosial mediada məlumat yayıb.
“Ştutqart” 34 yaşında qəzada faciəvi şəkildə dünyasını dəyişən keçmiş gənclər komandasının oyunçusu Sebastian Hertnerin vəfatından kədərlənir. Ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk”, - deyə klubun açıqlamasında bildirilib.
RMC Sport-un məlumatına görə, hadisə 20 dekabr şənbə günü Hertnerin həyat yoldaşı ilə tətil etdiyi Monteneqrodakı Savin Kuk xizək kurortunda baş verib. İlkin məlumatlara görə, kreslo liftindəki iki nəfərlik oturacaqlardan biri trosundan qopub, geri sürüşüb və arxasındakı oturacağa dəyib və nəticədə oyunçu 70 metr hündürlükdən yıxılıb. O, hadisə yerində ölüb. Həyat yoldaşı xizək liftində ilişib qalıb və daha sonra təcili yardım xidmətləri tərəfindən xilas edilib. Onun ayağı sınıb.
Sebastian Hertner “Ştutqart”ın gənclər sisteminin yetirməsi olub. O, həmçinin ikinci divizionda “Erzgebirge”, “Darmştadt” və “1860 Münhen” komandalarında oynayıb.