Milli dövlətçilik tariximizin zəfər memarı
Azərbaycanın müasir dövlətçilik tarixi həm siyasi, həm də mənəvi baxımdan yeni bir intibah dövrünü yaşayır. Bu dövrün ən ali nöqtəsi və xalqımızın sarsılmaz qürur mənbəyi olan ərazi bütövlüyümüzün tam bərpası, 2024-cü ilin fevralında keçirilən prezident seçkiləri ilə bir daha dünyaya bəyan olundu. Müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilən bu seçkilər, əslində, bir xalqın öz suverenliyinə və milli iradəsinə sahib çıxmasının təntənəsi idi. Dövlət başçısı İlham Əliyevin Xankəndi şəhərində səs verməsi sadəcə bir siyasi prosedur deyil, erməni separatizminin tarixin arxivinə gömüldüyünü təsdiq edən ən mühüm rəmzi addım oldu. Təqvimin bu günü — dekabrın 24-ü isə Azərbaycan xalqı üçün həm də xüsusi bir mənəvi dəyər kəsb edir. Müasir Azərbaycanın xilaskarı və qalib lideri cənab İlham Əliyevin ad gününü qeyd etdiyimiz bu tarix, həm də bir millətin öz rəhbərinə olan sonsuz inamının, minnətdarlığının və sarsılmaz birliyinin ifadəsinə çevrilir. Hər zaman ad günlərini xalqı ilə birgə, sosial obyektlərin açılışında, şəhid ailələri və məcburi köçkünlərlə görüşlərdə keçirməyi üstün tutan dövlət başçısı, bu gün də bütöv Azərbaycanın memarı kimi hər bir azərbaycanlının qəlbində uca yer tutur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu möhtəşəm nailiyyətlərin təməlində onun yüksək intellekti, dərin elmi bazası və peşəkar dövlətçilik təcrübəsi dayanır. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda aldığı təhsil, qazandığı tarix elmləri namizədi dərəcəsi və həmin ocaqda müəllim kimi fəaliyyət göstərməsi onun qlobal siyasi prosesləri dərindən analiz etmək qabiliyyətini cilalamışdır. Bu analitik təfəkkür tərzi hələ Dövlət Neft Şirkətində çalışarkən Azərbaycanın iqtisadi müstəqilliyinin onurğa sütununu formalaşdırmağa, ölkəmizi beynəlxalq enerji layihələrinin mərkəzinə çevirməyə imkan vermişdir. Ulu Öndər Heydər Əliyevin "Mən ona özüm qədər inanıram" deyərək xalqa təqdim etdiyi siyasi varis, ötən illər ərzində bu etimadı tam doğruldaraq Azərbaycanı regionun ən güclü və dünyada sözükeçən nüfuzlu dövlətinə çevirdi.
Dövlət başçısının yürütdüyü siyasətin mərkəzində dayanan "Biz birlikdə güclüyük!" şüarı ölkədə yeni bir siyasi dialoq mühitinin və sarsılmaz milli həmrəyliyin yaranmasına səbəb olmuşdur. Siyasi partiyalarla qurulan sağlam münasibətlər, demokratik ənənələrin təkamül yolu ilə inkişafı və cəmiyyətin bütün təbəqələrinin vahid milli məqsəd ətrafında birləşməsi Azərbaycanın daxili sabitliyini sarsılmaz edib. Bu daxili güc isə xarici siyasətdə ölkəmizin beynəlxalq statusunun artmasına, Qoşulmama Hərəkatına uğurlu sədrliyə və COP29 kimi qlobal əhəmiyyətli tədbirlərin Bakıda yüksək səviyyədə keçirilməsinə yol açmışdır. Azərbaycan artıq beynəlxalq aləmdə təkcə etibarlı tərəfdaş deyil, həm də qlobal iqlim diplomatiyasında və iqtisadi əməkdaşlıqda hədəfləri müəyyən edən bir lider dövlətdir.
Zəfər salnaməmizin ən şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi və ardınca həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın hərbi qüdrətini və Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətini bütün dünyaya nümayiş etdirdi. Şuşanın azad edilməsi, dövlət bayrağımızın suverenliyimizin bərqərar olduğu hər bir qarış torpağımızda dalğalanması xalqımızın çoxəsrlik tarixindəki ən böyük strateji qələbədir. Bu qələbə həm də regiona sülh və davamlı inkişaf imkanı qazandırdı. Bu gün "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur müasir "ağıllı" texnologiyalar əsasında yenidən qurulur, minlərlə soydaşımız öz doğma yurdlarına qayıdır. Eyni zamanda, Qərbi Azərbaycan məsələsinin dövlət siyasəti səviyyəsinə qaldırılması və soydaşlarımızın dinc yolla öz tarixi torpaqlarına qayıtması üçün hazırlanan konsepsiya, dövlət başçısının milli ədalətin bərpası yolundakı qətiyyətinin göstəricisidir.
Prezident İlham Əliyevin humanizm prinsiplərinə sadiqliyi və xalqın rifahını hər şeydən üstün tutması onun imzaladığı amnistiya aktlarında, "YAŞAT" Fondu vasitəsilə şəhid ailələri və qazilərə göstərilən ali diqqətdə özünü təzahür etdirir. Bu əlamətdar gündə — dekabrın 24-də Azərbaycan xalqı öz Liderini böyük sevgi ilə təbrik edir. Biz də bu xoş fürsətdən istifadə edərək, cənab Prezident İlham Əliyevi ad günü münasibətilə ürəkdən təbrik edirik! Ona uzun ömür, möhkəm can sağlığı və bütöv Azərbaycanın daha da çiçəklənməsi yolundakı şərəfli fəaliyyətində yeni-yeyi zəfərlər arzulayırıq. Qoy Sizin qətiyyətli rəhbərliyiniz altında Azərbaycan Bayrağı hər zaman ən uca zirvələrdə dalğalansın!
Kəmalə ZAMİNQIZI
Gəncə Dövlət Universitetinin
Tarix-coğrafiya fakültəsinin
II kurs tələbəsi