AZ

Yaponiya şirkəti biznesini 3 milyard dollara satır

Yaponiyanın Sapporo Holdings şirkəti daşınmaz əmlak biznesini qlobal özəl investisiya şirkəti KKR və Asiya mərkəzli alternativ investisiya şirkəti PAG-dan ibarət konsorsiuma satacaq.

Şirkətlərin birgə açıqlamasına əsasən, borclar da daxil olmaqla sövdələşmənin müəssisə dəyəri 477 milyard yen (təxminən 3 milyard ABŞ dolları) təşkil edir.

Sapporo Holdings-in daşınmaz əmlak portfelinə Tokioda yerləşən və məşhur turizm məkanı sayılan Yebisu Garden Place də daxildir. Bu kompleksə Yebisu pivə zavodu, yüksək səviyyəli restoranlar və ticarət obyektləri daxildir.

Pivə istehsalı ilə tanınan Sapporo Holdings rəhbərliyi bildirib ki, şirkət idarəetmə resurslarını əsas fəaliyyət istiqaməti olan pivə biznesinə yönəltməyi planlaşdırır. Satışdan əldə olunacaq vəsait pivə istehsalına, eləcə də digər strateji sahələrə yatırılacaq.

Açıqlamada qeyd olunub ki, Sapporo Holdings alkoqollu içkilər sahəsindəki rəqabət üstünlüklərini daha da gücləndirməyi hədəfləyir. Satışdan əldə edilən vəsait həmçinin müştəri ilə təmas nöqtələrinin inkişafına və daha sağlam içki seçimləri kimi yeni məhsul təkliflərinin genişləndirilməsinə yönəldiləcək.

Xəbər açıqlanandan sonra Sapporo Holdings-in səhmləri 3,7 faiz bahalaşıb. Eyni zamanda, KKR-in səhmləri birjadankənar ticarətdə cüzi ucuzlaşıb.

KKR Japan-ın baş icraçı direktoru Hiro Hirano bildirib ki, şirkət PAG ilə əməkdaşlıqdan məmnundur və Sapporo Holdings-in növbəti inkişaf mərhələsini dəstəkləmək üçün qlobal şəbəkəsini və investisiya təcrübəsini bölüşməyə hazırdır.

Qeyd edək ki, oktyabr ayında Nikkei nəşri Sapporo Holdings-in KKR və PAG-ə üstün danışıqlar hüququ verdiyini yazmışdı. Lakin növbəti ay tərəflər daşınmaz əmlak biznesinin satış qiyməti ilə bağlı razılığa gələ bilmədikləri üçün eksklüziv danışıqlar dayandırılmışdı. Bildirilirdi ki, portfeldə yer alan obyektlər köhnəlmiş infrastruktura görə ciddi və baha təmir işləri tələb edir.

Həmin dövrdə Sapporo Holdings daşınmaz əmlak biznesinin satışını digər potensial alıcılara da açmış və Lone Star Funds və Kenedix-dən ibarət konsorsiumla danışıqlar apardığı bildirilmişdi.(valyuta.az)

Seçilən
27
1
olke.az

2Mənbələr