AZ

4 dəfə böyüdü, 11 dəfə artdı - prezidentlik dövründə iqtisadiyyat...


Aydın Hüseynov: “Son 22 ildə Azərbaycan iqtisadiyyatının əldə etdiyi inqilabi inkişaf dünya iqtisadi tarixində nadir hadisələrdəndir”

Azərbaycanın qısa zaman kəsiyində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir. Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir dövlətimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir.

Düşünülmüş, qətiyyətli və uzaqgörən siyasət nəticəsində ölkəmiz ötən 22 ildə mühüm siyasi, iqtisadi, sosial uğurlara nail olub, qlobal maliyyə böhranlarını qısa müddətdə inkişafla əvəzləyib. Bu gün respublikamız sabit, davamlı və dayanıqlı inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınır. Müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan qalib dövlət kimi şanlı Zəfərdən, Böyük Qayıdışdan və sülh gündəliyindən qaynaqlanan yeni strateji hədəfləri müəyyənləşdirib. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb. Bu müddətdə Azərbaycanın xarici ticarət dövriyyəsi isə 11 dəfə artıb.

“Azərbaycan iqtisadiyyatı artıq yalnız enerji resurslarına arxalanan sistem deyil, rəqabətədavamlı, innovativ və ən əsası, insan potensialına dəyər verən bir modelə çevrilib”

Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm xalqımız, həm də beynəlxalq birlik üçün fenomenal idarəçilik nümunəsi nümayiş etdirən bir inkişaf yolu keçib: “Dövlət başçısı, hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da siyasi partiyaların rolunu gücləndirmiş, vətəndaş cəmiyyəti institutlarının müstəqilliyini və maliyyə imkanlarını artırmağa mühüm töhfə verib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların davamlı yüksəlişi, habelə bölgələrin sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramının qəbul edilməsi Prezident İlham Əliyevin xidmətlərindəndir. Bu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı əsaslı inkişaf yolu keçib, milli iqtisadiyyata milyardlarla dollar investisiya qoyulub. Son 22 ildə Azərbaycan iqtisadiyyatının əldə etdiyi inqilabi inkişaf dünya iqtisadi tarixində nadir hadisələrdəndir. Ümumi Daxili Məhsulun dəfələrlə artması, yoxsulluq səviyyəsinin minimuma endirilməsi və nəhəng enerji layihələrinin - BTC və Cənub Qaz Dəhlizinin uğurla icrası ölkəmizi Avropanın enerji təhlükəsizliyinin mühüm tərəfdaşına çevirib. Lakin cənab Prezidentin də vurğuladığı kimi, əsas hədəf “qara qızılı insan kapitalına çevirmək” idi və bu gün müasir təfəkkürlü, bilikli və vətənpərvər gəncliyimiz bu ali məqsədin ən parlaq göstəricisidir. Prezident İlham Əliyevin elan etdiyi bu doktrina ölkəmizin uzunmüddətli inkişafının təminatıdır”.

Millət vəkilinin sözlərinə görə, müasir mərhələdə əsas hədəf neft-qaz sektorundan əldə olunan vəsaitləri qeyri-neft sektoruna, xüsusilə kənd təsərrüfatı, turizm və sənaye parklarına yönəltməkdir: "İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən “Smart” konsepsiyalar bu inkişafın ən müasir simasıdır. Nəticədə Azərbaycan iqtisadiyyatı artıq yalnız enerji resurslarına arxalanan sistem deyil; rəqabətədavamlı, innovativ və ən əsası, insan potensialına dəyər verən bir modelə çevrilib. Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri xalqın həyatında mühüm yer tutan sosial sahələrin inkişafıdır. Bu məqsədlə son illərdə ölkəmizin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə yalnız hərbi uğur deyil; bu, onilliklər boyu səbrlə və dəqiqliklə hesablanmış “Dəmir Yumruq” strategiyasının məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev həm döyüş meydanında sərkərdə, həm də informasiya cəbhəsində qətiyyətli natiq kimi çıxış edərək xalq-dövlət-ordu birliyini polad bir gücə çevirib. Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan bu tarixi qələbə həm də Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən formalaşdırdı. Bu gün biz yalnız hərbi zəfərimizlə deyil, işğaldan azad edilmiş torpaqlarda aparılan misilsiz quruculuq işləri ilə də dünyanı heyrətləndiririk. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda ucaldılan müasir şəhərlər, “Ağıllı kənd”lər və beynəlxalq hava limanları Azərbaycanın daxili iqtisadi gücünün və xalqımızın yaradıcılıq ruhunun parlaq təzahürüdür. Azərbaycan artıq regionda diqtə edən tərəf kimi çıxış edir. Cənab Prezidentin təklif etdiyi sülh gündəliyi və Zəngəzur dəhlizi kimi nəhəng nəqliyyat layihələri yalnız ölkəmiz üçün deyil, bütün Avrasiya regionu üçün iqtisadi dividend vəd edir”.

Günel CƏLİLOVA

Seçilən
20
baki-xeber.com

1Mənbələr