BAKI, 24 dekabr. TELEQRAF
2026-cı ildə dünya əmtəə bazarının əsas istiqamətləri — neft, qaz, qızıl və əlvan metallar müxtəlif amillərin təsiri altında qiymət dəyişiklikləri yaşayacaq. Bazar iştirakçıları fyuçers müqavilələrinə nəzərən qiymətlərin necə dəyişəcəyini proqnozlaşdırıblar.
Teleqraf xəbər verir ki, Energetika İnformasiyası Administrasiyası (EIA) və Beynəlxalq Enerji Agentliyi (IEA), 2026-cı ildə gündəlik neft təklifinin tələbdən 2–4 milyon barel artıq olacağını və qiymətlərin enəcəyini gözləyir.
EIA “Brent” neftinin qiymətini 2026-cı ilin birinci rübünün sonunda 53 dollar , ilin sonunda isə tədricən 56 dollar səviyyəsində proqnozlaşdırır.
Digər maliyyə şirkətləri - “Qoldman Saks” “Brent” neftinin orta hesabla 56 dollar , “C.P.Morqan” 58 dollar , “Morqan Stenli” isə 60 dollar olacağını gözləyir. Neft bazarında qiymətlərin formalaşması əsasən “Brent” və “WTI” markaları üzrə aparılır. “Brent” nefti üzrə hazırkı dövr üçün müqavilələrin qiyməti gələcək aylar üçün olan müqavilələrdən bir qədər yüksəkdir. Bu isə onu göstərir ki, bazar iştirakçıları nefti saxlamaq əvəzinə indi satmağı daha sərfəli hesab edirlər.
“WTI” markalı neft üzrə fyuçerslərində isə qiymətlər demək olar ki, dəyişmədiyindən yaxın gələcəkdə bu markalı neftin dəyərində ciddi volatillik gözlənilmir.
2026-cı ildə qızıla tələb yüksək olacaq
Neft bazarındakı dalğalanmalar investorların marağını digər əmtəə bazarına - qiymətli metallara yönəldib. Xüsusilə qızıl son bir ildə qiymətini 68% artıraraq ən populyar aktivlərindən birinə çevrilib.
Bu artımı dünya mərkəzi banklarının davamlı alışları, ABŞ-də Prezident Donald Trampın proteksionist siyasəti fonunda investisiya marağının yüksəlməsi və dollar üzrə inflyasiya riskləri dəstəkləyir.
Analitiklərin fikirləri fərqli olsa da, ümumi rəy 2026-cı ildə qızıla tələbin qorunacağı istiqamətindədir. Rekord qiymət artımından sonra gələn il qızılın orta dəyəri mövcud səviyyələrdə — təxminən 4200–4300 dollar ətrafında qala bilər.
Lakin uzunmüddətli fundamental artım səbəbləri hələ də qüvvədədir və volatillik yüksək olaraq qalacaq. Buna görə də il ərzində qiymətin 4500 dollar səviyyəsinə çatması və tarixi maksimumları yenilənməsi mümkündür.
"CME" birjasında qızıl fyuçersləri isə ABŞ dolları üzrə risksiz faiz dərəcəsi səviyyəsində kontanqo şəraitindədir, yəni bazar iştirakçıları gələcək qiymət barədə konkret proqnozlara böyük məbləğdə pul qoymaqdan çəkinirlər.
Təbii qazın qiyməti yayda ucuzlaşacaq, payızda bahalaşacaq
Enerji daşıyıcıları arasında neftdən sonra ən çox diqqət çəkən istiqamətlərdən biri də təbii qaz bazarıdır. Avropa İttifaqında( Aİ) qazın qiyməti əsasən Niderlanddakı TTF (Title Transfer Facility ) qovşağında formalaşan fyuçerslərə əsaslanır. Bu göstərici region üçün əsas istinad nöqtəsi sayılır. Hazırda bazar iştirakçıları 2026-cı ildə qiymətlərin ümumilikdə enəcəyini gözləsələr də, bu proqnozlar bir sıra mövsümi və geosiyasi risklərlə müşayiət olunur. Qış aylarının sərt keçməsi ehtiyatların sürətlə tükənməsinə səbəb ola bilər. Qaz bazarında yay aylarında qiymətlərin enməsi, payızda isə yenidən yüksəlməsi kimi klassik mövsümi dalğalanmaların 2026-cı ildə də davam edəcəyi gözlənilir.
Oxşar mövsümi dinamika ABŞ qaz bazarında da müşahidə olunur. Burada qiymətlər əsasən Henry Hub qovşağında formalaşır və CME birjasında ticarət olunan fyuçerslər bazarın əsas göstəricisidir. Bazar iştirakçıları yaz aylarında qiymətlərin kəskin azalacağını, ilin sonuna doğru isə yenidən əvvəlki səviyyələrə yaxınlaşacağını gözləyirlər.
Əlvan metallar bazarında dalğalanma gözlənilir
London Metal Birjasında (LME) Nikel fyuçerslərinin kontango vəziyyətində olması bazarda qiymətlərin sabit qalacağını göstərir. “Norilsk Nickel”in məlumatına görə, 2026-cı ildə nikel bazarı ardıcıl beşinci il profisitdə olacaq ki, bunun əsas səbəbi İndoneziyada hasilatın sürətlə artmasıdır. Bununla belə, İndoneziya hökumətinin təklifin həddindən artıq artımını məhdudlaşdırmağa yönəlmiş siyasəti qiymətlər üçün müəyyən dəstək yarada bilər.
Misə gəlincə, bu il qiymətlər 36% artıb. Buna görə bazar iştirakçıları növbəti ildə cüzi ucuzlaşma gözləyirlər.
2025-ci ildə qiymət artımının əsas səbəbi ilkin təklifin davamlı defisiti olub. Bu, o cümlədən İndoneziya və Çilidə mədənlərdə yaranan problemlərlə bağlıdır. 2025-ci ildə hasilatın 0,4% artdığı halda, 2026-cı ildə 1,9% artacağı gözlənilir.
“Norilsk Nickel”in qiymətləndirməsindı isə tamamilə fərqli proqnozlar yer alır. Qurum növbəti ildə tələbin təklifi üstələməsi prosesinin davam edəcəyini və defisit mühitində qiymətlərin yüksək səviyyədə qalacağını gözləyir.
Palladium ucuzlaşacaq
2025-ci ildə palladiumun qiymətləri demək olar ki, iki dəfə artaraq unsiya üçün 1 760 ABŞ dollarına çatıb. 2026-cı ilə dair proqnozlar palladium bazarında qiymətlərin kifayət qədər aşağı düşəcəyini göstərir. Əsas risklərdən biri elektromobillərin istehsalının artması və palladiumun əsasən katalizatorlarda istifadə olunmasıdır. Metal istehlakının təxminən 80%-i daxiliyanma mühərrikli avtomobillərdə istifadə olunur, buna görə bu avtomobillərə tələbin azalması qiymətləri aşağı çəkə bilər.
“Bloomberg”-in məlumatına görə, 2026-cı ilin ikinci rübündə palladiumun qiyməti unsiya üzrə 1400 dollar, ilin sonuna doğru isə 1150 dollar səviyyəsinə qədər enə bilər. “Reuters”-in sorğularında isə 2026-cı il üçün orta qiymət proqnozu 1260 dollar təşkil edir.
Bununla belə “Norilsk Nickel” 2026-cı ildə investisiya tələbi nəzərə alınmadan 0,1 milyon unsiya həcmində defisit gözləyir. Əgər investisiya tələbi də qalarsa, çatışmazlıq daha da artacaq və bu, qiymətləri dəstəkləyə bilər.