AZ

Tramp Türkiyəyə görə Netanyahuya təzyiqləri artırır - Təl-Əviv türk əsgərlərinin Qəzzaya girməsinə icazə verəcək, amma bir şərtlə...


ABŞ prezidenti Donald Trampın müdaxiləsi ilə Qəzzada planlaşdırılan beynəlxalq qüvvələr məsələsində Türkiyəyə görə Netanyahuya təzyiqlər artır. Təl-Əviv mediasına görə, Netanyahu administrasiyası Türkiyənin üzünə qapları tam bağlamır. Güclü diplomatik təzyiq altında olan İsrailin Türkiyə qoşunlarına şərti olaraq “yaşıl işıq” yandıra biləcəyi irəli sürülür.

İsrail mediasının məlumatına görə, Baş nazir Netanyahu, müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə, Türkiyənin Qəzzada planlaşdırılan beynəlxalq sülhməramlı qüvvələrdə iştirakına razılıq verə bilər. “Maariv” qəzetinin yazdığına görə, son günlərdə baş verən gərgin pərdəarxası təmaslar Təl-Əviv administrasiyasını ciddi təzyiq altında qoyub. Danışıqlara yaxın mənbələr bildiriblər ki, Türkiyənin Beynəlxalq Sülhməramlı Qüvvələrə daxil edilməsi üçün İsrailə güclü diplomatik təzyiq göstərilir. İddialara görə, Netanyahu bu təzyiqə müqavimət göstərməkdə çətinlik çəkir. Mənbələr bildiriblər ki, "Netanyahu təslim olmaq üzrədir". Qeyd edilir ki, ABŞ, Qətər və vasitəçi digər tərəflər Türkiyənin iştirakını sabitlik üçün vacib hesab edirlər. Vaşinqtonun İsrailin vetosunu açıq şəkildə qəbul etməsinə baxmayaraq, pərdəarxası Türkiyə məsələsində geri çəkilmədiyi bildirilir.

İsrail mənbələrinə görə, ABŞ prezidenti Tramp diplomatik irəliləyiş əldə etmək və regional sabitliyi idarə etmək qabiliyyətini nümayiş etdirmək istəyir. Buna görə də, onun ilkin mərhələlərdə, hətta simvolik və ya məhdud olsa belə, Türkiyə məsələsində israr etməsi ehtimalı yüksək hesab olunur. Qarşıdan gələn Tramp-Netanyahu görüşünün bu məsələdə həlledici olduğu deyilir.

İsrail hökuməti Türkiyənin Qəzzaya girişinin "qırmızı xətlərdən geri çəkilmə" kimi qəbul edilməsindən narahatdır. Netanyahu əvvəllər Qəzzada məsuliyyəti öz üzərinə götürəcək həqiqi bir çoxmillətli sülhməramlı qüvvənin yaradılmasının ciddi problemlər yaradacağını bildirmişdi. Qeyd edilir ki, buna baxmayaraq, o, Türkiyənin bu qüvvələrə daxil edilməməsinin digər ölkələrin sülhməramlı qüvvələrdə iştirakını daha da çətinləşdirəcəyini etiraf etmək məcburiyyətində qalıb.

İsrail mediası Netanyahunun Trampla görüşə Türkiyə ilə bağlı qəti "yox" qərarı ilə gedəcəyini gözləmir. Baş nazirin ABŞ-la birbaşa gərginlikdən çəkinərək "bəli, amma" formulundan istifadə edərək şərtlər irəli sürəcəyi bildirilir. Qeyd edilir ki, Netanyahu həm Vaşinqtonla gərginlik yaşamamaq, həm də daxili ictimai rəyi nəzarətində saxlamaq istəyir.

Mənbələrə görə, İsrail yalnız aydın siyasi şərtlər daxilində Türkiyəyə qarşı vetonu ləğv edə bilər. Məlumata görə, bu şərtlərə prezident Ərdoğanın İsrailə qarşı sərt ritorikası ilə bağlı ya açıq, ya da diplomatik şəkildə yeni bir mövqe sərgiləməsi daxildir.

Netanyahu-Tramp görüşündən əvvəl müzakirə edilən ssenarilərdən biri də Trampın Türkiyə məsələsində geri addım atması müqabilində İsrailə digər cəbhələrdə güclü dəstək təklif etməsidir. Mənbələr hələlik yekun qərarın verilmədiyini vurğulayıblar, lakin qarşıdan gələn görüşün İsrail ilə ABŞ arasında ciddi diplomatik sınağa çevriləcəyi irəli sürülür.

TAHİR

Seçilən
14
baki-xeber.com

1Mənbələr