Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkədə hərbi vəziyyət sülh sazişi imzalandıqdan sonra da altı aya qədər davam edə bilər.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, xüsusi rejimin saxlanılması hərbi proseslərin tam başa çatdırılması və ordunun zəifləməsinin qarşısının alınması üçün vacibdir.
Zelenski qeyd edib ki, sülh razılaşmasından sonra səfərbərlik qismən transformasiya oluna və ya mərhələli demobilizasiya prosesi başlaya bilər. Lakin əsas məqsəd ordunun döyüş qabiliyyətinin və nəzarətdə saxlanılan mövqelərin itirilməməsidir.
Seçkilərlə bağlı danışan prezident vurğulayıb ki, hərbi vəziyyət ləğv olunmadan seçkilərin keçirilməsi mümkün deyil. Parlament və yerli seçkilər yalnız məhdudiyyətlər aradan qaldırıldıqdan, təhlükəsizlik və demokratik standartlar təmin edildikdən sonra baş tuta bilər.
Bununla yanaşı, Zelenski istisna etməyib ki, sülh sazişi imzalandıqdan sonra parlament vəziyyət imkan verdiyi təqdirdə prezident seçkilərinin mümkün qədər tez keçirilməsi üçün 60 və ya 90 günlük qısaldılmış müddətləri əvvəlcədən müəyyənləşdirə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az