AZ

Çuvaş Respublikasının Xalq artisti Svetlana Bubnova: Azərbaycan mahnılarından çox xoşum gəlir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 dekabr, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Türk dünyası ölkələrinin nümayəndələri ilə müsahibələr silsiləsini davam etdirir. Bizim növbəti qonağımız çuvaş müğənnisi (lirik soprano) Svetlana Bubnovadır. 1975-ci ildən bəri o, Çuvaş Dövlət Akademik Mahnı və Rəqs Ansamblında çıxış edir, xor solisti və konsert aparıcısıdır. O, həmçinin Çuvaş Respublikasının Xalq artistidir.

Svetlana Bubnova AZƏRTAC-ın müxbirinə azərbaycanlılar və çuvaşlar arasındakı oxşarlıqlar, zəngin konsert fəaliyyəti və folklor festivallarının keçirilməsinin əhəmiyyəti barədə danışıb.

“Ansamblımız tez-tez xaricdə olub. Müxtəlif millətlərdən olan sənətçilərin qatıldığı beynəlxalq folklor festivallarında iştirak edirdik. Bu, həmişə maraqlı olub. Bütün millətlərin, müxtəlif kollektivlərin nümayəndələri toplaşıb sənətlərini nümayiş etdirir və bir-birləri ilə tanış olurdu. Mən indiyə kimi bu insanlarla dostluq edirəm, onlarla yazışıram. Bu festivallarda Azərbaycandan da qruplar iştirak edirdilər. Mən Azərbaycanda olmuşam, Ələt qəsəbəsində qalmışam. Mənim bir rəfiqəm var idi; o, Çuvaşiyaya yanıma gəlirdi, mən isə onun yanına gedirdim. Eşitmişəm ki, Bakı inanılmaz dərəcədə gözəl bir şəhərə çevrilib”, - deyə sənətçi bildirib.

Müsahibimizin sözlərinə görə, türk xalqları arasında bir çox oxşarlıqlar var: “Təvazökarlıq, qonaqpərvərlik, xeyirxahlıq. Məsələn, bu baxımdan azərbaycanlılar və çuvaşlar çox oxşardırlar. Türkdilli xalqların nümayəndələri bir-birlərinin dillərini müəyyən dərəcədə başa düşürlər və musiqinin koloritini qiymətləndirirlər - əgər söhbət konkret olaraq musiqidən gedirsə. Pentatonikamız oxşardır, amma təbii ki, bəzi fərqlər var.

Azərbaycan mahnılarından çox xoşum gəlir, onları məmnuniyyətlə dinləyirdim. Həmçinin Azərbaycan rəqslərindən də xoşum gəlir. Müslüm Maqomayev mənim ən sevdiyim müğənni, mənim kumirimdir. Mən həmişə ona heyranlıqla baxmışam. Onun Tamara Sinyavskaya ilə cütlüyünə böyük simpatiya ilə yanaşırdım. Onlar bizim Çeboksarı şəhərində keçirilən Mədəniyyət Günlərinə gəlmişdilər, orada stadionda konsert keçirilmişdi. İndi isə sizin opera müğənniniz Yusif Eyvazovdan çox xoşum gəlir. Onu dəfələrlə “La Skala” teatrında dinləmişəm. Bilirəm ki, o, indi Opera Teatrının direktorudur və böyük işlər görür. Afərin, ona”, - deyə Svetlana Bubnova qeyd edib.

Çuvaş Respublikasının Xalq artisti hesab edir ki, türk xalqlarının mədəniyyətini mütləq təşviq etmək lazımdır.

“İnsanların bu və ya digər mədəniyyəti başa düşməsi üçün onlar qarşılıqlı qastrol səfərləri, Mədəniyyət Günləri, Respublika Günləri keçirməlidirlər. Bu, insanları çox yaxınlaşdırır. Məsələn, əvvəllər bütün keçmiş sovet respublikalarından olan qrupların çıxışları televiziyada göstərilirdi, indi isə belə deyil. İndi gənclər daha çox estrada musiqisinə meyillidirlər, folklor isə heç də prioritet deyil. Bu isə çox vacibdir! Köklərimizi dərk etməyimiz, irsimizi bilməyimiz vacibdir”, - deyə müsahibimiz vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azertag.az

1Mənbələr