Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayyenin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti ilə görüşüb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Qəzzadakı vəziyyət qiymətləndirilib və sülh planının ikinci mərhələsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Fidan Türkiyənin hər platformada fələstinlilərin hüquqlarını ən güclü şəkildə müdafiə etməyə davam etdiyini bildirib. O, həmçinin Türkiyənin Qəzzada mənzil və humanitar yardım ehtiyaclarını ödəmək üçün davam edən səyləri barədə məlumat verib.
HƏMAS nümayəndə heyəti isə atəşkəs şərtlərini yerinə yetirdiklərini qeyd edib. Onlar həmçinin Qəzzaya girməsinə icazə verilən yük maşınlarının 60 faizinin kommersiya malları daşıdığını və humanitar yardımın miqdarının ehtiyacları ödəmək üçün kifayət etmədiyini bildiriblər.
Görüşdə İsrailin Qərbi Şəriyədəki əməllərinin qəbuledilməz olduğu vurğulanıb.