Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ tərəfi ilə keçirilən görüşdən sonra sülh planı ilə bağlı danışıqların detallarını Putinə təqdim edib.
KONKRET.az bildirir ki, Peskovun sözlərinə görə, hazırda Moskvanın əsas vəzifəsi öz mövqeyini formalaşdırmaq və ABŞ ilə təmasları davam etdirməkdir.
Mətbuat katibi bu açıqlamanı ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin “Ukrayna üzrə danışıqlarda top Rusiyanın tərəfindədir” və Vaşinqtonun Moskvanın nəyə hazır olduğunu anlamaq istədiyi barədə bəyanatına münasibət bildirərkən səsləndirib.
“Rusiya tərəfinin mövqeyinin əsas parametrləri ABŞ-dakı həmkarlarımıza yaxşı məlumdur. Hazırda vəzifə bundan ibarətdir ki, özümüzün növbəti mövqeyimizi formalaşdıraq və ən yaxın zamanda təmasları davam etdirək”, – deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mümkün sülh planı ətrafında təmaslar son dövrlər intensivləşib.
Müşviq Tofiqoğlu
KONKRET.az